Qəşəm İsabəyli : - ASAN YOXDU ŞAİRLƏRİ...

Ədəbiyyat 15:11 / 06.04.2025 Baxış sayı: 886

 

 

Onda ki, sözün hünəri vardı,

Söz üstə asırdılar şairləri onda.

Şirvanşah Axsitan

Şabran qalasına saldırdı Xaqanini –

Zindanda çürütsün...

 

Şamaxıda Nəsimi doğuldu–

“Haqq mənəm, haqq məndədi!” - hayqırdı,

Çarmıxa çəkdilər Hələbdə...

Kərbəlada Füzuli doğuldu.

 

Sultan Süleymanın saray məmurları,

“Rüşvət deyildir, deyə”,

Almayanda salamını Füzulinin,

Ruhu sarsıldı ustadın...

Qazaxda Vaqif doğuldu.

Allahın Qacara qıyıb,

Vaqifə aman verdiyi çağında –

Həlak elədilər Şuşada gözəlik aşiqini...

Şirvanda Sabir doğuldu!

 

Gördülər əjdaha kimidi şair,

Bir başını kəsirsən, yerindən beşi çıxır.

Demə, şairin min canı varmış,

Şairi asmağın dövlətə ziyanı varmış!

 

Zaman dəyişib,

İndi asan yoxdu şairləri,

–Nə yazırlar yazsınlar,– cəhənnəmə canı!

Onsuz da sözün məsuliyyəti itib,

Şeirin həyəcanı!