ƏLƏSGƏR ƏLİOĞLU : - BAYIRA ATILMIŞ GÖYƏRÇİNLƏR

Çelyabinsk vilayətindəki Kışdım şəhərinin küçələrində qar üstə eşələnən göyərçinlər gördüm.Əvvəlcə elə bildim ki,vəhşi göyərçinlərdir.Sonradan öyrəndim ki, onlar bayıra atılmış ev göyərçinləridir.
Sahibiniz sizi niyə atıb bəs,
Yorulmazmı bir gün onun atı bəs!?
Dilə-dişə düşməzmi ki, adı bəs,
Ömrünüzü bir əyləncə bilənin!..
Gözünüzü şaxta-çovğun qapıyar,
Üz tutmazsız daha heç bir qapıya...
(Soyuq baxsam, baxışlarım qartıyar!)
Bəxti gülər
Üzünüzə gülənin.
Neçə-neçə oba-oymaq aşmışam,
Kövrəkliyin havasına acmışam...
Qollarımı sizə geniş açmışam,
Budaq bilin,
Bircə hovur yellənin!..
Sizdən ötrü mən dönərəm sipərə,
(Nə yolumdan, nə izimdən sərpərəm!..)
Hisslərimi dən yerinə səpərəm,
Yaxın gəlin, yaxın gəlin, dənlənin!..
Deyin burda öz dərd-qəmim azdımı,
Harayıma dağ-daş qulaq asdımı!?
Bu dünyada atılmışlar azdımı,
Göyərçinlər, di dil açın, dillənin!..
Göy üzündə çiçəklənin, güllənin!..
1986