Xəyalə Sevil  : - Nə boşluqdu, İlahi...

Ədəbiyyat 09:00 / 10.04.2025 Baxış sayı: 1250

Nə boşluqdu, İlahi,

Kimdi məndən əl çəkir?

Pəncərəsi açıq qalıb

Könlümün-

Yel çəkir...

Yığılan dağılıb,

Tökülüb indi-

Nə mənasi kim etdi.

Mənim səni unutmağım

Qan tökmədən,

Kin güdmədən çıxdığım

Zərif məğlubiyyətdi.

Ümid varmı, görəsən?

Varsa, hanı?- bilmirəm.

Hardasa, çox uzaqda

Xoşbəxtlik var, bilirəm,

Ünvanını bilmirəm.

Kölgəylə yol getməkdi bu-

Yox- desəm, yalan olar,

Var- deyə də bilmirəm.

Üşüdür ruhumu bu hiss,

Qar deyə də bilmirəm.

Bu hüzün ruhun səsidi-

Nə danışır, nə eşidir.

Kiməm, kiminəm, İlahi?

Duymursan, yadınam axı.

...Bircə yol başa düşmədi-

Mən təkcə ana deyiləm,

Mən həm də qadınam axı.