Meyxoş Abdullah : -  Yaxşıları unutmayaq...

YAZARLAR 20:47 / 09.04.2025 Baxış sayı: 6702

 

Qaçay Köçərli...

Bu ad çoxlarımıza yaxşı tanışdır. Şair, nasir və tanınmış jurnalist olan Qaçay Köçərlini bizlərə sevdirən, həm də ecazkar bir səsə malik olması idi.

Qaçay müəllimlə məni dostum Əlirza Xələfli tanış etmişdi. Əlirza müəllimin otağında oturmuşduq. Ona zəng gəldi. Radioda çıxış etmək üçün onu efirə dəvət edirdilər. Əlirza müəllim bildirdi ki, vacib bir tədbir var, ora gedəcəkdir.

Telefonu söndürəndən sonra Əlirza müəllim üzümə baxıb dedi:

- Meyxoş, bəlkə o verlişə sən gedəsən? Qaçay Köçərlidir zəng edən, yaradıcı bir adam axtarır radioda çıxış etmək üçün.

Etiraz etmədim.

Əlirza Xələfli telefonu götürüb Qaçay müəllimə zəng etdi və bildirdi ki, bir dostum var, yaxşı yazıçıdır. Bəlkə, onu göndərim gəlsin.

Qaçay müəllim: - Məsləhət bilirsənsə, göndər gəlsin! – dedi.

Qaçay Köçərli məni studiyanın qapısında qarşıladı. O vaxta qədər onun səsini çox eşitmişdim, amma üzünü görməmişdim. Ecazkar səsi vardı. Məni otağına apardı. Verlişin başlanmasına 5 dəqiqə vaxt qalırdı. Həyəcanlı idim. O, bunu hiss etdiyindən: - Narahat olma, mən səni danışdıracağam, - dedi.

Verliş başladı. Sualları elə verirdi ki, adam, elə bil, yaxın dostu ilə söhbət edirmiş kimi özünü hiss edirdi. O qədər peşəkat idi ki, hətta, sifətinin mimikası adamı danışdırırdı. Yarım saatlıq verliş idi. Elə danışdım ki, özüm-özümə təəccüb etdim.

Verliş qurtarandan sonra barmağını dilinə vurub: - Bir az dilini yetişdir, kallıq vardır dilində – dedi.

Onun nə dediyini o dəqiqə anladım.

O vaxtdan sonra, Qaçay müəllimlə tez-tez əlaqə saxlayırdıq. Demək olar ki, həftədə bir dəfə onunla telefonla danışardıq. Bakıya yolum düşəndə isə oturub söhbət edərdik. Məşəqqətli bir həyat yaşamışdı. Əsgərlik illərində həbsxanada yatmışdı. Ümumiyyətlə bu insanın sakit həyatı olmamışdı.

Qaçay Köçərli öz acı taleyi barədə bir şeirində yazırdı:

Tanrım mənə bəxt vermişdi, baxtsız oldum.

Bir sevgidən taxt vermişdi, taxtsız qaldım.

Mən bilmirdim, nələr varmış yer üzündə,

Yerdən böyük kədər varmış yer üzündə.

Tanrım mənə nur vermişdi, nurum itdi,

Yer üzündə yer vermişdi, yerim itdi,

Öz evimdə oğlum itdi, pərim itdi.

Baldan artıq zəhər varmış yer üzündə,

Yerdən artıq kədər varmış yer üzündə…

Haqq gəzirdim, şərə düşdüm, böhtan tapdım,

Mən azadlıq istəyirdim, zindan tapdım.

Sağ can itdi, xəstə olan bir can tapdım.

Haqqdan güclü şər varıymış yer üzündə,

Yerdən ağır kədər varmış yer üzündə…

İşdən çıxandan sonra doğulduğu Tərtər rayonuna getdi. Orada kənddə yaşayırdı. Ona hər ay məktub yazırdım. Onunla çoxlu məktublaşmalarımız var. Nikbin adam idi. O qədər dərdin içində zarafatından da qalmazdı. Arada məzəli söhbətlər danışardı. Qeydimə qalırdı. Bir sözünü heç vaxt unuda bilmirəm. Deyirdi ki; - sənət aləmində böyük qısqanclıqlar var. Nə qədər kiçiksən, səni tərifləyəcəklər. Böyüdünsə səni vuracaqlar. Çalış heç nəyə fikir vermə, başını aşağı sal yazını yaz. Uduzanlar o kəslər olur ki, başları qeybətə qarışır. Onda ayılıb görürlər ki, lələ köçüb yurdu qalıb.

Bir gün eşitdim ki, Qaçay müəllim dünyasını dəyişib. Daha doğrusu, kimsə yaxınlarından məktubuma cavab olaraq yazmışdı onun vəfat etmə xəbərini. Çox pis oldum. Çox əzablı həyat yaşadı. Onun o gözəl və ecazkar səsi hələ də qulaqlarımdan getməyibdir.

Allah rəhmət eləsin. Ruhu şad olsun...

İnsan kimi ağaclar da şəhiddi,

Yurda gələn hər bahar da şəhiddi,

Yağan yağış, düşən qar da şəhiddi,

Şəhid yurda şəhid qanı axarmış,

Bu millətin taleyində nə varmış?

Şəkilin açıqlaması yoxdur.