İbrahim İlyaslı : - Darıxmaq necə olur...

Ədəbiyyat 21:05 / 10.04.2025 Baxış sayı: 1054

 

Sənsiz necə qəribdir

Bilirsənmi bu şəhər?

Nə axşamı axşamdı,

Nə də səhəri səhər.

 

Sanki ağaclar ağac,

Adamlar adam deyil.

Küçələrdə at çapır

Küləklər veyil-veyil.

 

Dəniz donub elə bil

Ağuşunda balıqlar.

Buz heykələ dönüblər

Qağayılar, qayıqlar.

 

Məni ovuda bilmir

Nə doğması, nə yadı.

Hələ ki “Sənsizlik”dir

Bu şəhərin bir adı.

 

Nə deyirsən, Lavandam,

Bəlkə durub gələsən?

Mənə baxıb darıxmaq

Necə olur, biləsən.