Adilə Nəzər : - BU GECƏ

Ədəbiyyat 09:09 / 10.04.2025 Baxış sayı: 1101

 

Bu gecə ulduzları boyayıb kül rənginə,

Adımı asa billəm bir nəğmənin notuna.

Söykənib gözləyərkən bir əcəlin zənginə,

Uyub gedə bilərəm səssizliyin qatına.

 

Nə var düşürə billəm bu gecə gözlərimdən,

Yarpaq üstdən şeh kimi buxarlanıb çəkilləm.

Bir anlıq inad edib dönərəm sözlərimdən,

Həyat səhifəsinə son cümlə tək əkilləm.

 

İçində eşq olmayan ömür deyil, gün deyil,

Yaşanmış olsa belə, o gün yaşanmış deyil.

Sevgisiz dünən heçdir, bugün də bugün deyil,

Açan bu çiçək deyil, ötən də o quş deyil.

 

...Mən yazı çox sevirəm, Ay işığı - haləni,

Doldurub qədəhimə içmiş ola bilərəm.

Əgər sevgi ölməksə uğruna sevilənin,

Bu gecə sənə, bir də yaza ölə bilərəm.

 

Şəkilin açıqlaması yoxdur.