Ayaz Arabaçı - Atlar və itlər..

YAZARLAR 21:44 / 18.06.2026 Baxış sayı: 146

 

Mövzumun adı atlar və itlər olsa da mən bu gün bu yazımda itlərə daha çox yer verəcəyəm..

Bizim həyatımızda bunların hər ikisi önəmli yer tutur.

At gücü, hərəkəti və azadlığı simvolizə eləyir. Min illər boyu uzaq yolları atı belində qət etmişik, babalarımız savaşları onun nalının daşlardan qopan qığılcımları ilə, od qoparan ayaq səsləri ilə yazıblar. At sadəcə nəqliyyat vasitəsi olmayıb. O, insanın sirdaşı, səfər yoldaşı, bəzən də sahibinin taleyini dəyişən dostu olub.

İnsan yorulanda dayanır, at isə yorulmaz, sahibinin dara düşdüyünü görüb son gücünü də ortaya qoyar.

At bizi mənzil başına çatdıranda it də bizi tək qoymayıb.Kənddə böyüdüyümdən, itimiz və atımız olduğundan bu barədə çox danışa bilərəm.

İtin ən böyük xüsusiyyəti gücü yox, sədaqətidir.

İnsan dəyişə bilir,amma it çox vaxt dəyişmir.

Bir tikə çörəyi, sığalı,ona olan qayğını illərlə unutmur.

İnsanların göstərmədiyi vəfanı göstərir.

Bəzən insanın unutduğu yaxşılığı onlar yadda saxlayır.

Mən həyatımda elə hadisələr görmüşəm ki, ondan sonra itə və ata baxışım dəyişib. Başa düşmüşəm ki, heyvanlara olan sevgim sadəcə göstəri deyil,qəlbimdəki mərhəmətin təzahürüdür.

İnsan nə qədər dəyişsə də, şəhərlər nə qədər böyüsə də, maşınlardan nə qədər asılı olsaq da atın nəfəsi və itin baxışındakı o qədim yaxınlıq heç vaxt tam itib getmir.

İt və at görəndə bu səbəbdən həyəcanlanırıq,fərəh hissi keçiririk.

İtlərin vəfası haqqında çox eşitmişik, çox oxumuşuq. Amma bəzi hadisələr olur ki, onları nə kitabdan oxuyursan, nə də kimdənsə eşidirsən, öz gözlərinlə görürsən və ömür boyu yadından çıxmır.

Bir hadisə isə ümumiyyətlə yaddaşımdan silinməz.

Tələbə olduğum vaxt qış tətilinə kəndimizə getmişdim. Tətil başa çatanda şəhərə qayıtmalı idim. O vaxtlar indiki kimi hər saat maşın ələ düşmürdü. Səhər tezdən çıxmaq lazım gəlirdi.

Gecə saat dörd radələrində atamla birlikdə yola düşdük. Hava qaranlıq idi. Qış gecəsinin o özünəməxsus sükutunda nə bir hənir vardı,nə bir səs eşidilirdi.. Avtobus ayağına qədər piyada getməli idik.

Biz həyətdən çıxıb bir qədər uzaqlaşmışdıq ki, kəndimizin itlərindən biri arxamızca gəlməyə başladı. Atam bir neçə dəfə onu qaytarmağa çalışsa da o gəlməyində davam etdi.

Yol uzandıqca o da bizimlə addımlayırdı. Qaranlıqda gah qabağa keçir, gah dayanıb bizə baxır, gah da yenə səssizcə yanımızla gedirdi.

Bir az keçməmiş daha iki it də bizə qoşuldu. Bizim tərəflərdə gecələr əksər itlərin zənciri açıq olur həyətlərdən çıxıb kəndin içində sərbəst gəzirlər. İndi isə hamısı eyni istiqamətdə bizim arxamızca gəlirdi.

Kəndi keçdik. Yol uzandıqca arxadakı itlərin sayı da artdı.

Qonşu kəndin çayına çatana qədər dönüb baxanda gördüm ki, arxamızda iyirmidən çox it var.

Heç biri hürmürdü.

Heç biri qabağa qaçmırdı.

Sadəcə səssizcə gəlirdilər.

Elə bil hansısa görünməyən bir qaydaya əməl edirdilər. Sanki bizi yola salmağa çıxmışdılar.

Mən heyrətimi gizlədə bilmədim.

Atam mənim dönüb-dönüb arxaya baxdığımı görüb gülümsədi və dedi:

- Artıq bir neçə ildir ki, belədir. İşimlə əlaqədar tez-tez qaranlıqlı durub rayona getməli oluram. Əvvəlcə o iki balaca şarik dalımca gəlirdi. Sonra bir neçəsi də qoşuldu. Beləcə böyük bir dəstə oldular.

Bir az susdu, sonra əlavə etdi:

Mən də hərdən bütöv bir çörək götürürəm, yolda bölüb verirəm onlara.

Yeri gəlmişkən, bizim kəndin kürə çörəyi çox böyük olur. Atam da o iri çörəklərdən birini özü ilə götürür, yol boyu tikə-tikə bölüb itlərə verirmiş.

Biz çayı keçib avtobus dayanacağına çatana kimi çayın o birisahilindən bizi izlədilər.Əmin olduqdan sonra döndülər geriyə..

Mən onda başa düşdüm ki, onların bu gəlişi təsadüfi deyilmiş.

Bunlar sadəcə ac heyvanlar deyildi.

Onlar xatırlayırdılar.

Kiminsə səhərin qaranlığında onları unutmadığını, hər dəfə yolunu onlarla bölüşdüyünü, çörəyini bölüb verdiyini yadda saxlayırdılar.

İnsan çox vaxt elədiyi yaxşılığı unudur. Amma görünür, heyvanlar unutmur.

Bəlkə də o gecə bizi yola salan iyirmi it deyildi.

Atamın illərlə bölüşdürdüyü çörəyin, göstərdiyi mərhəmətin iyirmi fərqli cavabı idi...

O səhərdən sonra itlərə baxışım dəyişdi.

Əvvəllər mən də çoxları kimi itə sadəcə həyət heyvanı kimi baxırdım. Amma o qaranlıq qış səhərində gördüyüm mənzərə mənə başqa bir şey öyrətdi.

Anladım ki, heyvanların da yaddaşı var. Onlar da yaxşılığı duyur, qayğını hiss edir, sədaqəti unutmurlar.

İndi harada bir it görsəm, qorxub uzaqlaşmaq yox, yaxınlaşıb başını sığallamaq istəyirəm. İmkan olanda yemək verirəm, oxşayıram. Çünki hər dəfə hansısa sahibsiz itin gözlərinə baxanda o qış səhəri yadıma düşür.

Atamın arxasınca səssizcə gələn o dəstə...

Bir tikə çörəyə görə yox, gördükləri mərhəmətə görə yoldaşlıq edən o itlər...

Və o gündən sonra özüm üçün bir şeyi qəbul etdim,

insanın heyvanlara münasibəti onun xarakteri haqqında çox şey deyir.

Mərhəmət yalnız danışanda yox, özündən zəif olan bir canlının yanında necə davrandığında görünür.

Bir hadisəni də ömrüm boyu unutmayacağam.

İllər əvvəl dostumla birlikdə Gəncədən qayıdırdıq. Gəncədən bir neçə təndir çörəyi almışdıq. Gec çıxdığımız üçün gecəyə düşdük.

Ağsu aşırımına çatanda qatı dumana düşdük. Payızın çənli, dumanlı son günləri idi. Elə duman idi ki, yol gözümüzün qabağında yox olurdu. Maşın sürmək təhlükəli idi.

Qərara gəldik ki, aşırımdakı yeməkxanalardan birində həm yemək yeyək, həm də gecələyək.

Sağ tərəfdə bir obyektin zəif işığı görünürdü. O işıq qatı dumanı yarıb güclə bizə çatırdı. Ora tərəf döndük.

Bir az yaxınlaşmışdıq ki, qəflətən iri, pələng kimi bir çoban iti qabağımıza atıldı.

Elə hürürdü ki, adam maşının içində vahimələnirdi. Gecə, duman, kimsəsizlik… Üstəlik o nəhəng itin qəfil ortaya çıxması adamı istər-istəməz üşəndirirdi.

Amma nədənsə qorxmadım.

Bəlkə də illər əvvəl o qış səhərində gördüklərimdən sonra itlərə başqa gözlə baxmağa başlamışdım.

Pəncərəni bir az aşağı saldım. Gəncədən aldığımız təndir çörəklərindən birini götürüb böyük bir tikə qırdım və ona tərəf atdım.

İt tikəni havadaca tutdu.

Bir az sakitləşdi.

Obyektə çatana qədər çörəyi tikə-tikə bölüb ona atdım.

Artıq hürmürdü.

Elə bil dəyişmişdi. Sakitləşmişdi, məmnun görünürdü.

Obyekt sahibi bizi qarşılayanda iti görüb üstünə qışqırdı, təpindi. İt sakitcə geri çəkildi.

Amma getmədi.

Bir az aralıda dayandı.

Sonra biz yemək sifariş verib əyləşdik.

Bir az keçməmiş o it də gəlib besedkanın o biri tərəfində uzandı.

Mən də yemək yeyəndə onu qayğısız qoymadım. Hərdən yağlı tikələrdən qırıb ona atırdım. O da sakitcə yeyirdi.

Halından məmnun görünürdü..

Obyektin sahibi Əli kişi bunu görüb gülümsədi və dedi:

-Vəssalam, bu isinişdi sənə.

Gecəni orada keçirib səhər tezdən yenidən yola düşdük. Şəhərə qayıtdıq.

Aradan təxminən iki il keçdi.

Bir yay günü yolum yenə başqa bir dostumla Ağsu aşırımından düşdü.

Birdən könlümdən keçdi ki, gedim həmin o obyektdə Əli kişinin bir çayını içim..

Dedim:

-Sür o sağdakı obyektə.

Maşından düşən kimi qəfil bir hənir basdı məni.Başımı qaldırıb baxdım.Meşənin içindən pələng kimi bir it qopub düz üstümə gəlirdi. Dostum iti görən kimi qorxudan qaçıb maşına girdi.

Mən isə qaçmağa macal tapmadım. İt gəlib düz qarşımda dayandı.

Sonra başını qılçalarıma sürtdü və ayağımın altında uzandı.

Elə həmin an yadıma düşdü.

Bu, o idi.

İki il əvvəl qatı dumanın içində çörək verdiyim o çoban iti.

Mən donub qalmışdım.

İki il...

İki il keçmişdi.

O unutmamışdı.

O an ilk dəfə həqiqətən anladım ki, heyvanların dili olmasa da, yaddaşı var.

Bəzən isə onların yaddaşı insanın yaddaşından da sədaqətli olur...

Bir də o fikrimə dönürəm ki, itlər min illərdir insanla birlikdə ov etmiş, malı-mülkü qorumuş, savaşlardan keçmiş, sevincə də, kədərə də ortaq olmuşdur. Bəlkə də buna görə insanlar itə sadəcə heyvan kimi yox, vəfa rəmzi kimi baxıblar.

Ədəbiyyatda bir çox yazıçılar it obrazını bir xarakter kimi yaradıblar.

Amma get-gedə insanın bu qədər vəfalı saydığı canlılar küçələrdə sahibsiz qalır..

Şəhərlərin kənarında, dayanacaqlarda, parkların kölgəsində yaşayan yüzlərlə sahibsiz it var. Onların çoxu bir zamanlar hansısa həyətin, hansısa evin sakini olub. Bəziləri böyüyəndən sonra lazımsız sayılıb, bəziləri köç zamanı unudulub, bəziləri isə sadəcə taleyin axarına buraxılıb.

Amma əslində daha ağır olan tərk edilmiş olmalarıdır. İnsan əlinə öyrəşmiş bir canlının küçədə yaşamağa məcbur qalması sadəcə problem deyil insanın məsuliyyət məsələsidir.

Bir cəmiyyətin mərhəməti yalnız insanlara münasibətdə deyil, özündən zəif olan canlılara münasibətdə də ölçülür