Ədalət Salman - BOŞ VER, A ŞAİR…

Ədəbiyyat 10:25 / 19.06.2026 Baxış sayı: 594

 

Başını sal aşağı,

Çalış arı sayağı.

Görsən dayaz, bayağı,

Boş ver, a şair, boş ver.

 

Uzaq ol quru şərdən,

Enmə durduğun yerdən.

Zümzümə et şeirdən,

Boş ver, a şair, boş ver.

 

Yanından saymazyana

Öt, qalsın yana-yana.

Qanmaz çətin ki, qana,

Boş ver, a şair, boş ver.

 

Şax dur, nə sın, nə əyil,

Düz əyrini kəsir, bil!

Qozbel düzələn deyil,

Boş ver, a şair, boş ver.

 

Pislik etsə də, nadan,

Qalma yaxşılığından.

Yorulacaq daş atan,

Boş ver, a şair, boş ver.

 

Fərq etməz onu öysən,

Ya da üzünə söysən.

Dağ tək səbrinə söykən,

Boş ver, a şair, boş ver