Fərhad Tapdıqoğlu -  Bir az

YAZARLAR 09:19 / 19.06.2026 Baxış sayı: 584

 

(kiçik hekayə)

-A kişi,evdə qənd-çay,şirniyyat, meyvə- tərəvəz...ehtiyatımız azalıb...

Kişi:

-Aaz,mənə niyə deyirsən,get hərəsindən bir az al...

Qadın getdi bir az qənd,bir az çay,bir az konfet,bir az şirniyyat,bir az...bir az mer- meyvə ... hərəsindən bir az aldı...

Bir az,bir az aldı hərəsindən,bir az pulu qaldı...

Kişi qalan pula baxdı ,bir az əsəbiləşdi,dedi:

-- Aaz,sənə demədim az al,bir az al...

Arvad:

- Əşşi Vallah elə az almışam-- dedi...Az almışam,əsəbiləşmə,bir az sakit ol...

Kişi:

--Əsəbiləşmirəm.Mən də istəyirəm ki,bu az pensiyamızı elə xərcləyək ki,heç kimə ağız açmayaq...pensiya vaxtına bir az qalıb hələ... Ömrümüzün bitməyimə bəlkə də elə bir az qalıb...

Araya bir az sakitlik çökdü.. .

Bu zaman qapı döyüldü.Qonşunun oğlu idi

-Xala ,yadımdan çıxıb,çörək almamışam.Bir az çörək verərdiniz mənə nahar eləməyə...

Bir az çörək verdilər ona...

Kişi oğlandan soruşdu:

- Oğlum işləyirsən? İş yerin haradı?

Oğlan :

--Əmi ,"AZAL" dı..

Kişi zarafatla :

-- Sizdə də,çox işlə ,"az al"dı...?

Oğlan:

-Əmi,az alan da var,bir az alan da,lap çox alan da...O baxır da...

Oğlan bir az söhbət eləyib getdi...

Kişi evdən çıxdı...bulvara getdi,bir az hava aldı,gəzdi,bir az dənizə tamaşa elədi...bir az fikrə getdi,gənclik illərini,uşaqlığını bir az xatırladı...Evlilik illəri gözləri önündən kino lenti kimi keçdi...bir az kövrəldi...

Ətrafa boylandı...gözəlliyə bir az tamaşa elədi...ürəyi iftixarla döyündü...Axı şəhərimizin belə gözəlləşməsində bir inşaatçı kimi onun da bir az əməyi vardı.Qürurlandı bir az...

Uşaqları da onun davamçıları idi...Nəvələri də böyüyürdülər...Pis dolanmırdılar...

Əlbəttə,hər ailədə olduğu kimi,onların da ailələrində hərdən bir az söz- söhbət olardı...

Həyatda kifayət qədər insanlarla ünsiyyətdə olmuşdu ...Sadə insanlar çox idi dost - tanış,qohumları arasında...

Amma " qormutu" ( qambikorma,rusca..bizim dilimizdə "yemi","yalı") bir az artıq düşənləri də görmüşdü..Amma elələri bir az dilxorçuluq yaratsalar da ," yola verirdi" onları...

Adamlar görüb ki,danışanda az qalırlar adamın ağzına girsinlər.Belələrinə dəfələrlə " bir az aralı dur" deyib...

Bax beləcə bir az gəzdi,bir az fikrə getdi,bir az gözləri güldü...bir az keçdi və evə qayıtdı kişi...

Qarısı bişirdiyi xörəkdən bir az yedi...divanda uzandı...

Arvadı ona zamanında çox məhşur olan bir mahnının sözləri ilə müraciət etdi,dedi:

" Evə gəldin, danış bir az,gül bir az..."

Kişi bir az danışdı,bir az güldülər,ikilikdə bir az televizora baxdılar... bir az keçdi kişi yatmağa getdi..

Elə qarısı da ...

Mən də yazdım,az yazdım,elə bir az yazdım...