"Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb" -Anar Eyvazov

HÜQUQ 14:19 / 15.05.2024 Baxış sayı: 3592

 

Ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb.

Yenises.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, Azərbaycan və Rusiya dövlət başçılarının əldə etdiyi razılığa əsasən sülhməramlı missiyanın vaxtından əvvəl fəaliyyətini dayandırmasına qərar verilib:

"2020-ci ildə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq, başladılan genişmiqyaslı əks-həmlə əməliyyatı Ali Baş Komandanımızın rəhbərliyi altında 44 gün müddətində uğurla başa çatmışdı. Vətən müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikasının dövlət başçıları tərəfindən imzalanan üçtərəfli bəyanatın müvafiq bəndinə uyğun olaraq, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı qüvvələri kontingenti fəaliyyətə başlamışdı.

2023-cü ilin sentyabrına qədər bu fəaliyyət davam etdirilirdi. 2023-cü ilin sentyabr ayında Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq missiyanın da fəaliyyətinə ehtiyac qalmadı.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət başçıları tərəfindən əldə olunan razılığa əsasən, sülhməramlı kontingentin vaxtından əvvəl missiyasının başa çatdırılması və Azərbaycan ərazisini tərk etməsinə qərar verilmişdi. Qərar veriləndən dərhal sonra müdafiə nazirinin müvafiq göstərişinə uyğun olaraq kontingentin silah və texnikasının, şəxsi heyətinin, ləvazimatlarının Azərbaycan ərazisindən çıxarılması üçün zəruri, texniki ve logistik dəstək göstərilmişdi".