“Ondan sonra dərk etdim ki, boşluq nə demək imiş, ilahi...”- Seyran Səxavət

MƏDƏNİYYƏT 18:17 / 25.05.2023 Baxış sayı: 3075

“Fuad bizim ölkədə elə bir dünyəvi və ümumbəşəri standart yaratdı ki, bu təxminən bir ilk idi. Yəni öz sənəti, dostluğu, tanışlığı, kiməsə salam verməyi, kiminsə salamını almağı, ata kimi, ər kimi böyük idi. Nəhayət Fuad Poladov kimi böyük idi. Bu ölçüdə, çapda Azərbaycanda bütün sahələri götürəndə barmaqla sayılası adamlar var. Çox elə artıq deyil, amma kaş artıq olaydı”

Bunu Yenises.az-a açıqlamasında yazıçı Seyran Səxavət dostu, qonşusu Xalq artisti Fuad Poladov haqda danışarkən deyib. O, Fuad Poladovun özündən sonra böyük bir boşluq yaratdığını bildirib:

“Adamlar ölənə qədər nəsə edirlər, ölmək də elə bir işdi. Amma bununla da hər şey qurtarır. Fuadda isə belə deyil. İnsanlar həmişə boşluqdan qorxur. Boş sözdən, cəmiyyətdəki, dünyadakı boşluqdan, hava və dəniz boşluğundan bir sözlə, bütün boşluqlardan insan həmişə ehtiyat edib, qorxub. Hansısa bir adamın dünyanı tərk etməyiylə bir boşluq yaranır. Fuad bu pillələri keçə-keçə gəldi bizi tərk edəndən sonra bir şeyi sübut elədi, başa saldı, insanları yaxşı mənada dərk etməyə məcbur etdi ki, boşluğu duysunlar. Fuad gedəndən sonra özü boyda çox nəhəng bir boşluq qoyub getdi. 

Dünyada konkert bir ölkə götürsək çox qəribə də olsa xalq heç vaxt yetirdikləri boyda yox, ondan balaca olur. Xalq bu boşluğa düşəndə o boşluq da artıq kosmik boşluq kimi bir şeydir. İnsan orda özü öz üzərində fiziki, mənəvi, maddi nəzarəti itirir. Fuad öz sənətində də, həyatında da çox böyük bir boşluq qoyub getdi. Ondan sonra şəxsən bütün varlığımla dərk etdim ki, boşluq nə demək imiş, ilahi! Fuad həm də o boşluğun müəllifidir, onu yaradan nəhəng şəxsiyyətdir. 

Mən həmişə deyirdim ki, Allahdan aşağı sözdür. İnsan yaşadıqca müxtəlif nəticələrə gəlir. Bir gün də duydum ki, Allahla sözün arasında nəysə parıldayır. Sən demə bu güzgü imiş. Güzgü qəribə də olsa məndən ötrü sözdən yuxarıdır. Çünki söz həmişə həqiqəti əks etdirmir. Amma güzgünü nəyə tutsan necə var elə də göstərəcək. Bu adicə bir həqiqətdir, amma görün nə boyda həqiqətdir. Fuad Poladov da o boyda həqiqət idi. O boyda həqiqət boşluğa çevriləndən sonra çox ağır olur. Ona dözmək də çətindir”. 

Qeyd edək ki, 24   may  Xalq artisti Fuad Poladovun doğum günüdür.