Novella Cəfəroğlu: "Həyata keçməyən bir arzum qalıb..."
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəorğlu martın 3-də 83 yaşını qeyd edib.
Yenıses.az bildirir ki, doğum günüdə Pravda.az-a danışan N.Cəfəroğlu bunları deyib
“Müxalifətli-iqtidarlı hamı məni təbrik edib. Kimlərin zəng etdiyini deməyəcəm, iqtidardan çox adam təbrik edib – deputatların əksəriyyəti... Sadə insanlardan tutmuş hökumətin vəzifəli şəxslərinə qədər. Bu, mənə ruh verir ki, deməli, mən hamının yanında alnıaçığam. Qürurluyam ki, Azərbaycanda məni sevirlər. İstərdim, bu, hər insana nəsib olsun, hamıya hörmət etsinlər, sevsinlər. Ailəm yanımda idi, oğlum da uzaqlardan gəldi, mənə hədiyyə etdi. Bacılarım, onların qızları, dostlarım - hamı yanımda idi. Ən çox da bilirsiniz nə xoşuma gəldi? Ucqar kəndlərdən, rayonlardan o qədər insan mənə mesaj göndərib ki. Elə gözəl sözlər yazıblar... Sadə insanlar. Kiminin yanında olmuşam, kiminə dəstək vermişəm, hamısı məni təbrik etdi. Bir ucu Astara, Masallı, Lənkəran, bir ucu Xaçmaz, Quba, Balakən, Zaqatala, Gəncə, Qazax, Ağstafa, Naxçıvan... Mənə o qədər gözəl təsir edir ki...”
N.Cəfəroğlu həyata keçməyən bir arzusunun qaldığını deyib: “Bircə Zəngəzur yolu açılsın ki, mən Naxçıvana öz qohumlarımın yanına qatarla gedim. Allahın izni ilə, Zəngəzur da açılacaq. Bunu bilirəm! Mən görməsəm də, siz görəcəksiniz. Hələ İrəvanı da görəcəksiniz...”