"Minaların təsirinin azaldılması təhlükəsiz və “yaşıl gələcək” üçün vacibdir" - Nazir
Azərbaycanın bir zamanlar işğal altında olan ərazilərinin azad edilməsi təkcə suverenliyin və ədalətin təntənəsi deyil, həm də ciddi ekoloji çağırış və fürsət idi.
Yenises.az xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda video müraciətlə çıxışı zamanı deyib.
“Təhlükəsiz və “yaşıl gələcək” üçün minaların ətraf mühitə təsirinin azaldılması və resursların səfərbər edilməsi vacibdir. Qlobal ictimaiyyətin iqlim dəyişikliyi ilə mübarizə səylərini artıracağı COP29-a hazırlaşdığımız dövrdə silahlı münaqişə irsinə xüsusi diqqət yetirməklə ekoloji dayanıqlılıq, sülh və təhlükəsizlik arasında dərin əlaqələri qəbul etmək vacibdir. Azərbaycan bu əlaqəni başa düşür”, - o bildirib.
Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.