Məmməd Qədir - Könlümü

Ədəbiyyat 14:00 / 14.01.2026 Baxış sayı: 1539

 

Yenə duyğularım yaz üstündədir,

Bənövşə qoxusu vurub könlümü.

İçimə boylanır yaz çiçəkləri,

Həyata səsləyir qürub könlümü.

 

Bulaq tək qaynadım qaya içində,

Bəxtim sayıqladı röya içində,

Gül açıb bar verdi sevda içimdə,

Bir kimsə dadmadı dərib könlümü.

 

Gəzdim bu dünyanı, eşq soraqladım,

Ürəyimi açdım, qübar bağladım,

Ayrılıq hıçqırdım, həsrət ağladım,

Ovudan olmadı qərib könlümü.

 

Günümə göz dəydi, göz yaşı düşdü,

Kim lənət oxudu, qarğışı düşdü,

O qədər həsrətin yağışı düşdü,

Quruda bilmədim sərib könlümü.

 

Sevda mənim bəxtim, yazım deyilmiş,

Qismətim deyilmiş, ruzim deyilmiş,

Mənə bu dünyada lazım deyilmiş,

Gedirəm, Sizlərə verib könlümü...