Məmməd Qədir - Bəxtəvər başım

Ədəbiyyat 19:00 / 19.03.2026 Baxış sayı: 229

 

Ayüzlüm, duyduqca qəhr olur könlüm,

Qapılarda çulam, bəxtəvər başım.

Nə tez boyun əydi bənövşə ömrüm,

İndi quru kolam, bəxtəvər başım.

 

Elə itirmişəm mən məni, yoxdu,

Gəzirəm dalanı, küçəni, yoxdu,

Həsrətdən savayı keçəni yoxdu,

Lənətlənmiş yolam, bəxtəvər başım.

 

Sərgərdan yetiməm, dərd də ki, binəm,

Yenə möhkəm çıxdı dərddəki binəm,

Həsrətə butayam, dərdə kəbinəm,

Sevinclərdən dulam, bəxtəvər başım.

 

Dayağım uçulub, necə çökməyəm,

Yaralı bağrımı didib tökməyəm,

Dilənçinin belə nəfsi çəkməyən,

Köhnə qara pulam, bəxtəvər başım.

 

Keçən dümsüklədi çağa baxtımı,

Harama, qaraya, ağa baxdımı?

Həsrətin devirib ağa taxtımı,

İndi qara qulam, bəxtəvər başım.

 

Məmmədi görmüşdüm anımda, ölüb,

Ən gözəl günlərim anamda ölüb,

Sonam tərk eləyib, anam da ölüb,

Nə xoşbəxt oğulam, bəxtəvər başım...