Əşrəf Veysəlli - SƏNİ GÖRMƏYƏYDİM GÖZLƏRİ YAŞLI

Ədəbiyyat 09:00 / 19.03.2026 Baxış sayı: 188

 

Göylərin çirağı nə vaxt sönübdür,

Nə göy yerindədir, nə yer yerində.

Dünya iki damla yaşa dönübdü,

Asılıb fikirli kirpiklərindən.

 

Qışın əlindəmi yazın yaxası,

Xəzan tezmi əsib,- tez xəzəl düşüb.

Elə bil duyğusuz bir natarazın

Əlinə qənirsiz bir gözəl düşüb.

 

Üz vermə, qayıdıb o , gələr yenə,

Kədərə nə var ki, üzlü qonaqdır.

Sonra qapını da çırpsan üzünə,

Bacadan içəri soxulacaqdır. ..

 

Ona ürəyində yer vermə barı,

Yoxsa məhv olarsan qəm savaşında.

O gül sinəndəki gül arzuları

Yandırıb kül eylər qönçə yaşında.

 

Olma taleyindən könlü gileyli,

Yoxsa çətin düşər qəmin zirvədən.

Qalxar qəm dağına zavallı Leyli,

Füzuli boylanar həmin zirvədən.

 

Öz Məcnun könlümlə qəm səhrasından

Mən də adlayardım dərdli, təlaşlı,

Təki bu dünyada heç vaxt, heç zaman

Səni görməyəydim gözləri yaşlı…

 

Üz solğun, baş açıq, paltarsa nimdaş,

Qara şal sürüşüb qalıb çiyində.

Qonub gözlərinə iki damla yaş,

Qanmı laxtalanıb gül ləçəyində?

 

Yaxın sandıqlarım daha yan durur,

Bilmirəm heç necə qovum təkliyi.

İndi qəm yandırır, kədər yandırır

Könlümü yaşadan bir gözəlliyi.

 

Həzin bir sükutdan donur təbiət,

Soyuq ürəklərə bəlkə qar yağır.

Sən baxan yerlərə ayrılıq, həsrət,

Mən gedən yollara intizar yağır…

 

Bəxtim ayrı salıb ö zümdən məni,

Eh!- yenə dərdlərim başımdan aşdı…

Tale eyləyəydi gözümdən məni,

Səni görməyəydim gözləri yaşlı.

1977- ci il.