Elman Eldaroğlu - Novruz gəlir, sızlayır ürəyimin telləri...

YAZARLAR 10:00 / 19.03.2026 Baxış sayı: 123

 

Sumqayıtda doğulub boya-başa çatmışam. Uşaqlıq illərim bu şəhərdə keçib. O vaxt evlərdə işıqlar tez-tez sönər, məişət qazının verilməsində fasilələr yaranardı. Birimizə qonaq gələndə, bir evdə məclis olanda qonşudan stol-stul, qab-qaşıq alınardı. Hətta evdə yemək hazırlamaq üçün biri digərindən bir ədəd soğan, kartof, yumurta və ya bir qaşıq duz, tomat istəməkdən çəkinməzdi. İnsanlar arasında qəribə bir mehriban münasibət vardı...

Novruz bayramında qalayacağımız tonqal üçün əlimizə düşən taxta, odun parçalarını il ərzində ordan-burdan toplayıb, binamızın zirzəmisində gizlədərdik. Hacı Zeynalabidin Tağıyev qəsəbəsinə gedib, "Aviazavod"un metal zibilliyindən təyyarə təkərlərinin "disk"lərini gətirərdik ki, tonqala atıb fişəng effekti yaradaq və həmçinin partlayış səsi çıxaran, "zırpaket" bükümləri düzəldək...

Bayramda isə hər ailə yeddi qonşuya pay verərdi. Şəkərburaların bəzəyindən, qoğalların dadından bilərdik ki, hansı evdə hazırlanıb. Bəli, təxminən otuz yaşa qədər hamımızın bir-birimizdən xəbəri var idi. Böyüdük, bizimlə bərabər doğma şəhərimiz də böyüdü. Və biz bu böyük şəhərin içində bir-birimizə həsrət qaldıq...

Bu gün nə işıqlar sönür, nə də məişət qazı fasilələrlə verilir. Şərait o qədər yaxşıdır ki, daha qonşu qonşudan nə stol-stul, nə qab-qaşıq, nə də bir qaşıq duz, tomat və ya yumurta almır. Binanın bu başında yaşayan, o biri başında olan qonşusundan xəbərsizdir. Daha heç kim ayaq saxlayıb saatlarla bir-biri ilə dərd-sərini, bildiklərini bölüşmür. Elə bil dünyanın sonudur, hamı harasa tələsir...

...Artıq 60 yaşım var, amma içimdəki uşaq hələ də qocalmayıb. Hər Novruz gələndə yenə də məhlə-məhlə dolaşıb taxta parçalarını toplamaq, böyük bir tonqal qalamaq istəyirəm. Fəqət, bu işi görmək üçün uşaqlıq dostlarımın heç birini yanımda görməyib sakitləşirəm. Ölənlər ölüb, yaşayanları isə artıq babadırlar. Necə deyərlər, hər kəs öz iş-gücündə, hər kəs öz ömrünü sürür...

Bəli, hər Novruz bayramı gələndə xatirələr baş qaldırır, sızlayır ürəyimin telləri...

Bayramınız mübarək olsun!