Lilpar Cəmşidqızı : - QƏZƏL (Aç)

Ədəbiyyat 10:56 / 03.08.2025 Baxış sayı: 2083

 

Ey sevgi- məhəbbət, darıxan könlümə yol aç,

Qəlbim, bu hərarətdən oyansan, yenə dil aç.

 

Yol bağlıdı, həsrət tökülür şor bəbəyimdən,

Kirpikləri yarın deyə bilmir, kora göl aç.

 

Zülfümdə pərişanlığı heç görmədi şanəm,

Əl çək bu dağılmışlara bir- bir yana tel aç.

 

Qəlbim selə aldanmasa, eşq atəşi sönməz,

Vur xəncəri, töksün qanı, köksümdə tunel aç.

 

Gün doğmasa, zülmət bürüyər aləmi, ey dil,

Çəkmişsə niqabın günəş olmaz onu, yel, aç.

 

Yarın qızaran çöhrəsi bir laləyə bənzər,

YaRəb, tumu eşqin səpilibdir, onu gül aç

 

Lilpar, səni Allah nə gözəl bəxtəvər etmiş,

Vardırsa bu aləmdə günahın, Ona əl aç.