Lilpar Cəmşidqızı - QƏZƏL

Ədəbiyyat 17:00 / 05.02.2026 Baxış sayı: 388

 

Aşiqə zülm eylədin Sən nə qədər yerdə, Yar,

Ruhum əzəldən qalıb qul kimi zəncirdə, Yar.

 

Köksümün altında can, od qalayır hər gecə,

Çox elədin atəşin, kül ola təndirdə, Yar.

 

Bağla dəyirman daşın boynuma, bir gün, gəlim,

Çayda çimim pak olum, tez boğulum Kürdə, Yar.

 

Üstümə dağdan ağır qoydu nəzər dərdü qəm,

Fırlanıram, ah çəkib, yer görünür girdə, Yar.

 

Div kimi aldanmadım, fani cahan mülkünə,

İçməmişəm heç zaman, mən suyu xəlbirdə, Yar.

 

Şamü səhər gözlərim pəncərədən boylanıb,

Bir camı sındırmamış, çəkməmişəm pərdə, Yar.

 

Pöhrələyib qalmışam, kök salacam gözləsən,

Hər budağım düymələr, olmasa *pəjmürdə, Yar.

 

Qorxularım can verir, ağlım itib, korşalıb,

Bir dəlidən bezmişəm, bəlkə yatım pirdə, Yar?

Ağlını başdan alıb göydə həyat Lilparın,

Getsəm əgər fanidən, gəlməyəcəm bir də, Yar.

*Pəjmürdə- solğun, pərişan