Ay Bəniz Əıiyar - Sözə inanıram

Ədəbiyyat 14:46 / 04.02.2026 Baxış sayı: 454

 

Nədən inanıram hamıya yenə,

Niyə bu adamlar aldadır məni?

Bəlkə inanıram SÖZ düzlüyünə,

Bəlkə düz bilirəm sözü, kəlməni?

 

Bir düşün, heç söz də əyri olarmı,

Axı sözü necə əyə bilirlər?

Buna səbəb varmı, ehtiyac varmı,

Necə yalan sözlər deyə bilirlər?

 

Yəqin asan gəlir inanmaq mənə,

İnamım artdıqca ruhum dincəlir,

Eynimə gəlməyir aldanmaq yenə,

Ya da ki, inanmaq işimə gəlir.

 

"Düz sözə zaval yox", belədir axı,

Şairəm, söz sirrin aça bilirəm.

Mən yaxşı bilirəm söz oynatmağı,

Ancaq ki, SÖZü də uca bilirəm.

 

Daha innən belə işim çox mənim,

Baxım danışdırım, seçim bəyənim.

Var sözdən biləni, sözə dəyəni,

Var gözə gələni, gözə dəyəni, -

Getdikcə az dəyir gözə adamlar.

Sizə inanmıram, biləsiz yəni,

Sözə inanıram, SÖZə, adamlar!