Kəmaləddin Qədim - KİMƏSƏ KÖLGƏM DÜŞƏCƏK
Ha çək bu görkəmdə məni,
ha çək, bu görkəm düşəcək;
Sən təbəssüm çəkəcəksən,
yerinə dərd-qəm düşəcək.
Başa duman, çən qonacaq,
Saça ağ-ağ dən qonacaq.
Kirpiyimdə yaş donacaq,
gözlərimdə nəm düşəcək.
Mən dərbədər, para-para,
Mən hara, bu şəkil hara...
Çəkmə, yenə günüm qara,
bəxtim yenə kəm düşəcək.
Ya dəymə gerçək yerimə,
Ya bir ağac ək yerimə.
Bir başdaşı çək yerimə,
kiməsə kölgəm düşəcək...