Kəmalə Abiyeva - BAKIMA

Ədəbiyyat 19:15 / 17.08.2025 Baxış sayı: 2196

 

Hər səhərlə sevdim səni

hər gecəylə yaşadım mən.

Dalan-dalan, küçə-küçə

ürəyimə daşındın sən.

 

Qarış-qarış sevdim səni,

addım-addım oxşadım mən.

Addım-addım, qarış-qarış

gözlərimə sığındın sən.

 

Haray salan, hey vurnuxan

o dəlisov küləklərin

sənlə dolu nəfəsimdi.

Hər daşına möhtac olan,

ovunmayan həsrətimdi.

 

Köhnə Bakım, təzə Bakım

tarixindən qoparılan,

sökülən daşların kimi

başıma yağan kədərim.

Aradığım, tapmadığım

qır qoxulu məhlələrin

ovcuma dolan qəhərim.

 

Ay şəhərim, ay sultanım,

qulun olum, kölən olum.

bir gün elə Xəzərimin

bircə ovuc suyu kimi, duzu kimi

torpağına hopum qalım.