Kəmalə Abiyeva - Azadlıq ətri nə gözəldir
Azadlıq ətri nə gözəldir. İşğalda olan torpaqların azadlığı ruhun azadlığıdır elə bil. Var olmanın azadlığıdır. Müharibələri insanların insanlığa xəyanəti hesab edirəm əslində. Kaş ki, insanlıq, sülh qalib olaydı. Amma qonşun xaindirsə, torpağına göz dikirsə, silahı yerə qoymayacaqsan. Ləyaqətini ləyaqətsizdən qoruyacaqsan. Qonşun xaindirsə, unutmayacaqsan xəyanətlərini. Unutmayacaqsan! Namərdlə qonşusansa, ayıq-sayıq olacaqsan! Əslində yaşadıqlarımız unutqanlığımızın cəzasıdır. Erməni xəyanəti, vəhşiliyi əsrlərin yaddaşıdır artıq. Tariximizdir. Öyrəndikcə onlara deyil, özümüzə heyrət edirəm. Necə bu qədər unutqan ola bilmişik? Bu qədər bağışlamışıq? Güzəştə getmişik. Hər şeyi unutmaq, həmişə bağışlamaq olmur. Bağışlamağın sonucu həmişə böyüklük deyil. İllərdir dövlətimizin rəhbəri Ali Baş Komandan sülh yolu ilə, danışıqlarla, bütün insani qanunlarla Ermənistanın işğal etdiyi torpaqlarımızdan çıxmasına çalışırdı. İllərdi atəşkəsi qorumağa çalışırdı dövlətimiz.
Müharibənin fəlakət olduğunu bilirik. Amma fəlakət qonşundursa, bir gün səbrin daşar və yumruğun qalxar, dəmirə dönər, düşmənin başına enər. Nə yaxşı ki! Bu, güclü olmanın göstəricisi deyil. Bu, haqqını qorumaqdır. Bu ədaləti, həqiqəti qorumaqdır. Bu, həm də güclü olduğunun göstəricisidir. Nə olursa olsun, dövlətini qorumalısan, torpağını qorumalısan.
Adın gələndə nəfəsim dayanır Vətən. Sənin uğruna yaşamaqdan gözəl nə var?! Səni azad görməkdən ötə nə olar?! Torpaqlarını xainlərin xəyanətindən azad etməkdən uca hansı qəhrəmanlıq var?! Bunu yaşamaqdan üstün hansı duyğu var?! Sənin uğruna Qalib olmaq müqəddəslikdir! Qələbə günü müqəddəsdir. Qələbən mübarək əziz xalqım! Müqəddəs günün mübarək!
YURDUM
Azərbaycan Ulu yurdum
Qələbədir sənin adın,
Bu adını yaşadacaq
Yenilməyən məğrur ordun.
Azərbaycan igidlərin torpağına and içdilər.
Düzlərinə, çöllərinə qələbədən don biçdilər.
“Əziz Şuşa sən azadsan,
Sən azadsan Qarabağım”
deyən səsin sədasında
gülümsəyir bu torpağın.
Azərbaycan gözün aydın
Əbədidir zəfər günün.
Bu dünyanı heyran qoydu
Qalibiyyət təbəssümün.
Bu qələbən bu zəfərin ədalətin zəfəridir.
əsrlərdən keçib gələn həqiqətin zəfəridir.
Zəfər yolu dünənimin bu günümə heyrətidir.
Bu qələbən Zəfər günün tariximin həsrətidir.