İSMAYIL MƏRCANLI İMANZADƏ : - ÖMÜRDÜ DƏƏ… YAŞAYIRAM

Ədəbiyyat 08:21 / 13.06.2024 Baxış sayı: 1472

 

Əzəlindən, axırından halıyam,

İç üzündən, paxırından halıyam.

Gəlirindən, çıxarından halıyam -

Tərifləyib, satası ki deyiləm!

 

Ürəyimə yol tapmayıb hər dinən,

Nə sirrim var bölüşmüşəm mərdinən.

Doğulandan qol-boyunam dərdinən -

Dönük bəxtin butası ki deyiləm!

 

Gedən getdi… vay halına qalanın,

Tamah dişi çox itidir talanın…

Dili pəltək, gözü qıpıq yalanın -

Kölgəsində yatası ki deyiləm!

Gizli-aşkar ötən anlar çox yeyin,

Ümu-küsü uşaq kimi ərköyün.

Boz sifətli məzəmmətin, gileyin -

Zülmətində batası ki deyiləm!

 

Boş xülyalar solğun üzlü saçaqmış,

Xatirələr tüstülənən ocaqmış.

Yamanlığın bir ayağı qaçaqmış -

Ha qovsam da, tutası ki deyiləm!

 

Mənimkidir yaxşısı da, pisi də

Canımdadır tüstüsü də, hisi də.

Çox şirindir avandı da, tərsi də -

Taleyimin xətası ki deyiləm!..

 

Nə nisgilin köləsiyəm, nə ahın

Ətəyindən tutmamışam günahın.

Şairliyim töhfəsidir Allahın -

Sözə haram qatası ki deyiləm!

 

Tanıyıram, həm sevincdir, həm qəhər,

Həyat ona gah bal qatıb, gah zəhər.

Ömürdü dəə, yaşayıram birtəhər -

Tapdalayıb atası ki deyiləm!

09.06.2020