İSMAYIL MƏRCANLI İMANZADƏ - GƏZMİŞƏM
Bəxt bəduğur elçim olub,
Eşq ruhuma pərçim olub.
Halallıq bələdçim olub,
Səsli-soraqlı gəzmişəm.
Rəngi solub doğru sözün,
Nisgil qəlbin, ağrı sözün...
Çat verəndə bağrı sözün
Dili “yaraqlı” gəzmişəm.
Ələndikcə əlçim-əlçim,
Zülmətdə qərq olub köçüm.
Kürün körpüsündən keçib
“Arazqıraqlı” gəzmişəm.
Ağırmış fələyin daşı,
Sevinc dərd-qəmlə yanaşı...
Təmənnasız dost-tanışı
Əliçıraqlı gəzmişəm...
Nə qarı, nə qızmış dünya,
Çürük bir saqqızmış dünya...
Yamanca haqsızmış dünya,
Gör, harda haqlı gəzmişəm?!.
09.08.2024