İslam TÜRKAY : - MƏNDƏN UZAQDASAN...

Ədəbiyyat 09:59 / 10.01.2025 Baxış sayı: 1031

 

Məndən uzaqdasan, burda qar yağır,

Görən neynəyirsən məndən uzaqda?..

Qulağın səslənsə adımı çağır

Burda, üşüyürəm isti otaqda...

 

Hər yan bir rənğdədir, başında ağ tac,

Qara ilə ağı gəl indi ayır.

Həyətdə boynunu əyən bir ağac

Uzaqdan ağ donda sənə oxşayır...

 

Hər tərəf ağarıb, yaxşı da, pis də,

Görən nə paltardı geyib təbiət?..

Bulud çiçəkləyib başının üstdə--

Göylərə dərdini deyib təbiət...

 

Arzular atlana, həsrət dağlana,

Ömür-gün uzana, yaş ötüşməyə...

Qar yağa-- hicranın yolu bağlana,

Bir də aralığa gəlib düşməyə!..

 

Bağrımın başını göynətdin yenə,

Uzun ayrılıqdan yar küsən deyil.

Baharı məktuba qoy yolla mənə,

Məktubun gəlməsə, qar kəsən deyil...

 

...Məndən uzaqdasan, burda qar yağır,

Görən neynəyirsən məndən uzaqda?..

Qulağın səslənsə, adımı çağır

Burda...üşüyürəm isti otaqda...