İslam Türkay : - HEÇ NƏ...

Ədəbiyyat 12:03 / 20.08.2025 Baxış sayı: 2199

 

Özünü öldürmə ,a bədbəxt oğlu,

Bu qoca dünyanın talanı ---heç nə...

Quruca görməkdi,heç nəyin yoxdu,

Olmazı heç nədi, olanı ---heç nə...

 

Öz ağlın, şüurun vardı, dövlətdi,

Övlad da , nəvə də quru şöhrətdi!...

Bu qohum, bu qardaş sözdü-söhbətdi,

Ağızdan sovrulur...yalanı ---heç nə!...

 

Bu namərd sürgündən çoxu bezardı,

Kiminin yeri gen, kiminin dardı...

Baxıram hər yanda açıq bazardı---

Satanı heç nədir, alanı ---heç nə...

 

Arzun xatirədi, bəlkən ---xatirə,

Xatirən kölgəndir, kölgən –xatirə...

Bu yurdun, məkanın ,ölkən ---xatirə,

Quruca xatirə....qalanı ---heç nə!!!..