Idris Babayev -İTİRƏ BİLMİR

Ədəbiyyat 18:16 / 08.02.2026 Baxış sayı: 404

 

Hərdən bəla olur başıma dilim,

Gözlə gördüyümü doğru deyəndə.

Qurana and içim heç kim inanmır,

Hamı inanacaq oğru deyəndə.

 

Güllələr səpilir, gül əvəzinə,

Zərif dediyimiz qadın başına.

Daşımız dağılır öz başımıza,

Əvvəllər düşərdi yadın başına.

 

Başımız üstündə ağa olubdur,

Düşmənin quluna, nökər olanlar.

Qıcqırır üzləri, zəhərə dönür,

Dili baldan şirin, şəkər olanlar.

 

Oyun bitincədi hökmü fiqurun,

Bilir piyada da, vəzir də, Şah da.

Kimə söyləyəsən, kimə deyəsən,

Bizim ahımızdan bezib Allah da.

 

Dolabın bətnində boğulub qalır,

İnsanlıq naminə verilən fərman.

Kasıbın başından aşan dərdinə,

Yoxdur bir mərd adam, eyləyə dərman.

 

Yuxuda gördüyü arzularını,

Qorxudan dilinə gətirə bilmir.

İtirib hər nəyin, həyatda kasıb,

Təkcə vicdanını itirə bilmir.