Həzi Həsənli : - Uşaqlıq dostuma məktub

Ədəbiyyat 07:29 / 13.02.2024 Baxış sayı: 1780

Gül - çiçəkli, çiyələkli yaz günü,

Dağlarıydı bizi ney tək dindirən,

Çox görmüşük çay üzündə güzgünü,

Dağ çayıydı yanğımızı söndürən.

 

Azıb qaldım tənha izdə yolumdan,

Tay - tuşlarım ötüşdü sağ - solumdan,

Güclü bir əl yapışanda qolumdan,

O, səniydin, məni ata mindirən...

 

O yerlər könlümə düşəndə hərdən,

Kövrəlirəm, gözüm dolur qəhərdən,

Baş götürüb gedəcəyəm şəhərdən,

Ney səsidi məni yurda döndərən.

 

O səs gəlir qulağıma uzaqdan,

O yerlərdə görünmürəm nə vaxtdan,

Pencəyimi götürəcəm savaxdan,

Son arzudu son qatara mindirən.

 

İllər ötüb, saçlarıma düşüb dən,

Yenə o yerlərə can atıram mən,

Darıxıram, sən yadıma düşəndən,

Mənəm yenə şeir yazıb göndərən.

 

12. 02.2024