Həzi Həsənli : - Kəndimin

Ədəbiyyat 08:05 / 21.02.2024 Baxış sayı: 1357

 

Çöllərində çiçək açar, gül açar,

Yaz ayları gözəl olar kəndimin,

Təhməzbulaq, Qoşabulaq dil açar,

Sevincindən gözü dolar kəndimin.

 

Quzqulaq dər, qulançar dər, yemlik dər,

Dağların döşündə lalədən betər...

Nərgizim tər, bənövşəm tər, gülüm tər,

Qoxlamasam, gülü solar kəndimin.

 

Zər ələnər hər bağçaya, hər bağa,

Nur ələnər hər qayaya, hər dağa,

Anadil quşlar da qonar budağa,

Qucağında layla çalar kəndimin.

 

Uşaqlıq dostların əzizdi xətri,

Ölürəm o gözəl yerlərdən ötrü,

Təmiz dağ havası, gül - çiçək ətri

Ömürlərə ömür calar kəndimin.

 

Borçalı, Faxralı kəndi,

20.02.2024