Həyat həqiqətlərinin işığında görünən yazıçı

YAZARLAR 14:05 / 06.06.2026 Baxış sayı: 389

Tural ADIŞİRİN

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin

“Ədəbi-mədəni mühit və folklor” şöbəsinin elmi işçisi

 

Şəki ədəbi mühitinin inkişafına öz töhfələrini verən  istedadlı nasirlərdən biri də Yusif Şükürlüdür. Yusif Şükürlünün hekayə yaradıcılığı Azərbaycan nəsrində regional həyatın, kənd məişətinin, sosial-mənəvi problemlərin və insan xarakterlərinin realist təqdimatı ilə seçilir. Onun hekayələrinin əsas məziyyəti yaşanmış həyat hadisələrinin sənətkar müşahidəsi ilə ümumiləşdirilməsidir. Müəllifin hekayələri XX əsrin 70–90-cı illərində və XXI əsrin əvvəllərində Şəki bölgəsinin ictimai-mədəni mənzərəsini əks etdirən bir növ bədii salnamə xarakteri daşıyır. Yusif Şükürlü hekayələrində müxtəlif mövzulara müraciət etsə də, onların əsas mərkəzində insan və cəmiyyət münasibətləri dayanır.

Üslub baxımından Yusif Şükürlünün hekayələrində üç əsas xətt müşahidə olunur: realist təsvirçilik, satirik-ironik təhkiyə, lirik-psixoloji müşahidəçilik. Bu xüsusiyyətlərin sintezi yazıçının fərdi üslubunu formalaşdıran əsas amillərdir. Yazıçının əsərlərinin poetik sistemi ümumilikdə realizm, psixologizm, etnoqrafik kolorit, milli identiklik və humanist ideallar üzərində qurulmuşdur. Onun hekayə və povestlərində bədii mətnin struktur-semantik təşkilində müəllif müşahidəçiliyi, həyat hadisələrinin analitik dərki və tipikləşdirmə prinsipi xüsusi yer tutur.

Yazıçının “Çəhrayı gödəkçə”, “Canavar”, “Kirvə qonaqlığı”, “Torbadakı pişik”, “Juliklər”, “Araq reysi”, “Çanta əhvalatı”, “Başdan böyük söz” və digər hekayələrində kənd həyatının müxtəlif tərəfləri, sosial problemlər, mənəvi deformasiyalar və milli dəyərlər təsvir edilir. Yazıçının hekayələrinin əsas xüsusiyyəti güclü realizmindədir.

Yazıçı əsərlərində hadisələri romantikləşdirmir, onları olduğu kimi təqdim etməyə çalışır. Hekayələrin süjeti əksər hallarda gündəlik həyatdan götürülmüş hadisələr üzərində qurulur. Müəllifin müşahidə qabiliyyəti sayəsində adi görünən hadisələr ictimai və mənəvi problemlərin bədii ifadəsinə çevrilir. “Çəhrayı gödəkçə” hekayəsində müəllif bir tərəfdən sovet kənd həyatının sosial reallıqlarını, digər tərəfdən isə ailə və məktəb tərbiyəsindəki çatışmazlıqları göstərir. Vəli obrazı vasitəsilə tərbiyə boşluğunun yaratdığı mənəvi problemlər ümumiləşdirilir.

Yazıçının hekayələrində hadisələrdən çox insan davranışları və psixoloji vəziyyətlər diqqət mərkəzindədir. O, qəhrəmanlarının daxili aləmini uzun təsvirlərlə deyil, hərəkət və dialoqlar vasitəsilə açır. “Torbadakı pişik” hekayəsində adi bir zarafatın faciə ilə nəticələnməsi insan psixologiyasının və məsuliyyətsiz davranışın doğurduğu nəticələrin bədii ifadəsidir. Hekayənin gözlənilməz sonluğu əsərə novella xarakteri qazandırır. 

Yusif Şükürlünün əsərlərində məkan etalonu bədii məna yaradan struktur elementdir. Onun yaratdığı xronotop sistemi Şəki bölgəsinin təbii, sosial və etnoqrafik xüsusiyyətlərini özündə birləşdirir. Yazıçının hekayələrinin mühüm cəhətlərindən biri məhz təbiət təsvirlərinin canlılığıdır. Yazıçı doğulduğu bölgəsinin dağlarını, meşələrini, yaylaqlarını və kənd mühitini yüksək sənətkarlıqla canlandırır. “Canavar” hekayəsində təbiət yalnız fon funksiyası daşımır; o, hadisələrin və qəhrəmanların xarakterinin ayrılmaz hissəsinə çevrilir. Müəllif səhər mənzərələrini, çiçəkləri, dağ nanələrinin qoxusunu və quş səslərini təsvir etməklə oxucuda canlı vizual təəssürat yaradır.

 Yusif Şükürlünün hekayələrində milli yaddaş və vətənpərvərlik ideyaları mühüm yer tutur. “Kirvə qonaqlığı” hekayəsində müəllif Azərbaycan–erməni münasibətlərinə müraciət edir və tarixi hadisələrə milli mövqedən yanaşır. Hekayədə dostluq görüntüsü altında gizlənən etimadsızlıq və qarşıdurma motivləri ön plana çəkilir.

Yazıçı bir sıra hekayələrində satirik ifadə vasitələrindən istifadə edir. “Juliklər” və “Araq reysi” hekayələrində cəmiyyətdə yayılmış saxtakarlıq, fürsətçilik və zəhmətsiz qazanc ehtirası kəskin tənqid olunur. Müəllif mənfi tipləri gülüş hədəfinə çevirərək oxucuda mənəvi mühakimə hissi formalaşdırır.

Yusif Şükürlü həm də intellektual yazıçıdır, onun “Yetti” elmi-fantastik povestində  elmi təfəkkürlə xalq dünyagörüşünün qarşılaşdırılması xüsusi diqqətəlayiqdir. Müəllif müxtəlif obrazlar vasitəsilə ənənəvi bilik sistemi ilə müasir elmi düşüncə arasında dialoq yaradır. Povestdə Tərxanın atası ilə babası arasında gedən söhbətlərdə elmi bilik, sosial problemlər, elm adamının cəmiyyətdəki mövqeyi və milli inkişaf məsələləri müzakirə olunur. Burada müəllif intellektual diskurs yaradır və elm-cəmiyyət münasibətlərini bədii düşüncənin predmetinə çevirir.

“Azan güllə” povesti Yusif Şükürlünün nasirlik istedadını bütün dolğunluğu ilə nümayiş etdirən əsərlərindən biridir. Müəllif bu əsərdə mürəkkəb insan talelərini, sosial-mənəvi ziddiyyətləri və dövrün ictimai reallıqlarını yüksək bədii ustalıqla ümumiləşdirərək təsvir etmişdir. Obrazların psixoloji dərinliyi, hadisələrin təbii inkişaf məntiqi, konfliktlərin həyat həqiqətlərindən qaynaqlanması və faciə poetikasının uğurlu tətbiqi yazıçının peşəkar nasir kimi formalaşdığını təsdiqləyir. Povest göstərir ki, Yusif Şükürlü müşahidəçi yazıçı olmaqla yanaşı, həm də həyat materialını estetik təfəkkür süzgəcindən keçirərək onu yüksək bədii ümumiləşdirmə səviyyəsinə yüksəltməyi bacaran usta nasirdir.

Yusif Şükürlünün hekayələrinin dili sadə, aydın və təbiidir. O, xalq danışıq dilindən, Şəki dialektinə məxsus ifadələrdən, atalar sözləri və frazeoloji birləşmələrdən məharətlə istifadə edir. Bu xüsusiyyət əsərlərə həm milli kolorit, həm də yüksək inandırıcılıq qazandırır. Obrazların dili onların sosial mənsubiyyətinə və xarakterinə uyğun qurulur.

Yusif Şükürlü hekayələrinin poetikasında diqqəti cəlb edən xüsusiyyətlərdən biri də müəllif mövqeyinin obyektivliyidir. Yazıçı hadisələrə və obrazlara münasibətini açıq şəkildə ifadə etməkdən daha çox, onların özlərinin danışmasına imkan yaradır. Bu üsul oxucunun müstəqil nəticə çıxarmasına şərait yaradır və əsərlərin estetik təsir gücünü artırır. Belə bir yanaşma müasir nəsr poetikasının mühüm prinsiplərindən biri hesab olunur.

Yusif Şükürlünün yaradıcılığı Azərbaycan kənd nəsrinin son dövr inkişaf mərhələsində özünəməxsus yer tutur. O, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli kimi yazıçıların formalaşdırdığı realist ənənələrin bölgə mühitində davamçılarından biri kimi çıxış edir. Bununla yanaşı, müəllif hadisələrə fərdi müşahidə rakursundan yanaşaraq regional həyatın spesifik xüsusiyyətlərini bədii düşüncənin predmetinə çevirə bilir. Bu baxımdan onun nəsri həm milli ədəbi ənənəyə bağlılığı, həm də fərdi üslub axtarışları ilə diqqəti cəlb edir.

Ümumiyyətlə, Yusif Şükürlünün povest və hekayələri Azərbaycan nəsrində regional həyatın bədii salnaməsi kimi dəyərləndirilə bilər. Bu əsərlərdə realizm, psixoloji dərinlik, milli-mənəvi dəyərlərə bağlılıq, təbiətə sevgi və sosial tənqid bir-birini tamamlayır. Yazıçı adi insanların taleyini, gündəlik hadisələri və kənd mühitinin mənəvi atmosferini sənətkarlıqla ümumiləşdirərək onları bədii-estetik dəyərə çevirə bilmişdir. Onun hekayələri həm dövrün sosial mənzərəsini əks etdirən sənəd xarakteri daşıyır, həm də insanın mənəvi dünyasını araşdıran dəyərli nəsr nümunələri kimi çıxış edir. Xarakter yaratmaq bacarığı, həyat həqiqətlərinin realist-estetik müstəvidə ifadəsi, süjet-kompozisiya bütövlüyü və güclü psixologizm Yusif  Şükürlünü Azərbaycan nəsrində özünəməxsus yaradıcılıq üslubuna malik istedadlı nasir kimi bir daha təsdiq edir.