Ələsgər  Əlioğlu -BU GÜNLƏRİMİZDƏN REPORTAJ

Ədəbiyyat 19:49 / 05.06.2026 Baxış sayı: 211

 

Dünyanın təzadı başından aşır,

Seçilmir qarası,seçilmir ağı...

Çörək bahalaşır, un bahalaşır,

İnsanlıq qiyməti düşür aşağı...

Nüvə silahının sınaqlarına,

Sozalır dünyanın ümid çırağı.

Hələ bu azdır ki?..

Qoşulur ona,

Meydanda başlanan aclıq sınağı!..

Nağıla bənzəyir həyat çox vədə,

Axır yaddaşlarda quru iz qalır.

Bir çox məmləkətin

İndi get-gedə

Cırtdanı həyatda kökəsiz qalır...

Bu gün neçə-neçə əkin yerində,

Qumbara əkilir,mərmi sancılır.

Çörəksiz açılan süfrələrin də,

Üzünə səhəri çətin açılır.

Tüstülər dolanır buludla birgə,

Çətin görür yerin üzünü günəş.

Ümid vermək üçün aclara bəlkə,

Çörəyə bənzədir özünü günəş.

Bezib dövlətlərin xeyir-şərindən,

Sanki qarış-qarış talanır bu Yer.

Çıxır öz oxundan, öz məhvərindən,

Çörək ətrafında fırlanır bu Yer.

İnsanlar, durmayın, barı tələsin,

Bəşər od içində alışır, yanır.

Əlləri çörəyə çatmayan kəsin,

Yolunda ya şeytan, ya cin dayanır.

Raketlər yuxumu ayaq-baş yozur,

Ürək daxılıdır qəmin-qəhərin...

Aclıq neçə-neçə sərhəddi pozur,

Gözümü bağlanıb sərhədçilərin!?

Boş qalan beşiklər daha yellənmir,

O dünyadan gəlir körpə səsləri...

Aclıq ən mahir bir snayper kimi,

Dəqiq nişan alır kasıb kəsləri...

2022