"Yolunuz düşsə ,bu dünyaya bir də gəlin"

YAZARLAR 09:57 / 06.06.2026 Baxış sayı: 393

 

Şairlər günü idi.Mikayıl Müşfiqin ,həm də Yusif Səmədoğlunun doğum günü!

Həmin gün poeziyamızın parlaq ulduzlarından biri söndü.Sözün əsil mənasında Böyük şair olan Əşrəf Veysəlli dünyasını dəyişdi.

Yox,ölmədi Dədə Əşrəf ( mən son aylar ona Dədə Əşrəf deyə müraciət edirdim) ...

O yaşayır və əbədi yaşayacaq !

Onun çoxlarının əzbər bildiyi "Qorxusu yoxdur" şeirinin bir bəndi belədir:

"Baxışın sərtliyi gözü qorxudur,

Yoxuşun sərtliyi dizi qorxudur.

Doxsana yetməyin özü qorxudur,

Yüzdən o tərəfə qorxusu yoxdur."

Niyə getdiniz Dədə Əşrəf,doxsana nə qalmışdı ki ?

Düz bir il 9 ay! Doxsana yetişməkdən qorxdunuzmu?

Yazmısınız:

"Yaşamalı dünya deyil,

Üzümə salıb yaşadım"

Sizin həyat yolunuz,yaşadıqlarınız milyonlara nümunədir.

Siz kişi kimi yaşadınız!

Necə də mənəvi zəngin insan idiniz!

Sizin əlinizdən ancaq yaxşılıqlar gəlirdi.

Siz etalon idiniz! İnsanlıq etalonu,xeyirxahlıq etalonu,ağsaqqallıq etalonu... deyərdim həm də şairlik etalonu!

"Kasıb komam şah evidir,

Yoxsulun pənah evidir.

Ürəyim Allah evidir" -yazırsınız.

Bəli bu beləydi!

"Ulu Tanrım qoyma bizi,

Namərdə möhtac olmağa!".

Bu saf qəlbli insanın bir duasıdır!

..."Bir əyri qaşa da dəyməyən,atdığın daşa da dəyməyən bu fani dünyadan " bir şair köçdü,dünyanın əşrəfi olan Əşrəf köçdü.

"Təbdən təbə düşə-düşə,

Ağlamaqdır indi peşəm.

Dərddən sərgi düzəltmişəm,

Muzeydir mənim ürəyim"

"Dərddən muzey " düzəltmişdiniz ürəyinizdə... Dözmədi ürəyiniz,ağrıdı...ağrıdı və dayandı...

"Çətini bir sözü yazanacandı,

Əl sözə isinib ,qızanacandı.

Çətini beşikdən məzaracandı.

Məzardan bu yana gəliş yoxdusa,

Məzardan o yana gediş yoxdusa,

Məzarın özündə bir iş yoxdusa,

Mən niyə yazıram ,bu yazıları ?

Mən kimə yazıram bu yazıları?"

Kaş məzardan bu yana gəliş olaydı Dədə?! Kaş ...

Amma nə yaxşı ki,yazmısınız bu yazıları!

İnanıram ki,Sizin yazdıqlarınız neçə -neçə dissertasiyaların mövzusu olacaq!...

Feyzbukda son bir neçə ayda demək olar ki,hər gün bir şeirinizi paylaşırdınız.

Sonuncu paylaşımınız ayın 5-i gecə ,saat bir radələrində olmuşdu.

"Səni kimə tapşırım " şeiri!

Bu şeiri təxminən bir ay öncə paylaşmışdınız.

Yenidən paylaşmaqda məqsədiniz nəydi?

Bəlkə də...

Siz on minlərlə Sizi sevən oxucuları kimə tapşırdınız Əşrəf müəllim!

Siz mənə "gözümün işığı" deyirdiniz həmişə !

Bir daha Sizdən o kəlməni eşitməyəcəm .

Bir daha şirin səsinizi,səmimi söhbətlərinizi eşitməyəcəm...

Allah Sizə rəhmət eləsin!

Əzizim Dədə Əşrəf!

Yolunuz düşsə bu dünyaya bir də gəlin,mütləq gəlin...

Əbədi dünyada görüşənədək!

Sizin

Fərhad Tapdıqoğlu