Ağamir Cavad - GÜNAHIM

Ədəbiyyat 09:35 / 06.06.2026 Baxış sayı: 416

 

 

Aşıq mələk, ozan mələk,

Eşq yuxusun yozan mələk,

Günahımı yazan mələk,

Sevgidəndir bu günahım.

 

Dünyalar duya bilməyir,

Yağışlar yuya bilməyir,

Fələklər saya bilməyir,

Sayı çoxmu günahımın?

 

Bu sevginin kökü dərin,

Qarışdırıb xeyrin, şərin.

Bəhanəyə yoxdur yerim,

Nə ad verib günahıma?

Bu eşq şimşək kimi çaxır,

Atəşi yandırır, yaxır.

Çəkisi dağlardan ağır,

Necə çəkim günahımı?

 

İnamlarım pərən-pərən,

İnadlarım ümid hörən.

Haqqı sevən Tanrı görən

Haqq gəzirmi günahımda?

 

Bu dağdan köçə bilmirəm,

Bu eşqdən keçə bilmirəm.

Özümdən qaça bilmirəm,

Hara qaçım günahımdan?