"Gələn ildən başlayacağıq" - Türkiyə Zəngəzur dəhlizi ilə bağlı hərəkətə keçir
Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ və ya onun imkanlarını artıracaq marşrutdur.
Yenises.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Azərbaycandan Ermənistana və ya İrana, oradan da Naxçıvana və Dilucuya, Iğdıra, Qarsa keçən layihə xətti çəkilib: "Azərbaycan tərəfinin mühüm hissələri tikilib, Naxçıvan tərəfdə mövcud xəttin bərpası işlərinə başlanacaq, Türkiyə tərəfdən 224 km-in tenderini keçirmişik, gələn ildən başlayacağıq".
Dəhlizin bir hissəsinin İrandan, yoxsa Ermənistandan keçəcəyi ilə bağlı sualı cavablandıran Uraloğlu bildirib ki, bu danışıqları Azərbaycan tərəfi aparır: "İran məsələsində xeyli irəliləyiş var, Ermənistan tərəfi ilə bağlı son günlərdə inkişaf var. Düşünürəm ki, qarşıdakı prosesdə buna aydınlıq gətiriləcək və biz Azərbaycanla, türk dünyası ilə ən qısa yolla bağlı olacağıq".