GECƏLƏR - Əşrəf Veysəlli

Ömrümün gülşəninə neylədisə yar elədi,
Könlümə nur çiləyən günlərimi tar elədi.
Yarımın hicri məni dostuma əğyar elədi,
Gözlərim yatmamağa eylədi vərdiş gecələr ,
Bir mənəm, bir də sükut, bir də bu müdhiş gecələr.
Vəslini dərd eləməkdən ürəyim xəstə düşər,
Yarımın cövrü yenə zülm ilə üst- üstə düşər
Könlümün yaddaşına bir yaralı bəstə düşər,
Durub Məcnunsayağı eylərəm gərdiş gecələr.
Bir mənəm, bir də sükut, bir də bu müdhiş gecələr.
Qərarım yoxdu daha, tutmusan hər yerdə qərar,
Məni söz dərgahına hər gecə vəslin aparar.
Bəsdi bunca dözərək hicrinə tablaşdım, a yar,
Ayrılıq taleyimi eylədi təftiş gecələr.
Bir mənəm, bir də sükut, bir də bu müdhiş gecələr.
Parçalanmış qəlbimin sənsiz ötən bir dəmi yox,
Könlümün nəğməsinin zili yoxdur, bəmi yox.
Xəlqə həmdəm olanın indi daha həmdəmi yox.
Yan, ey tənha ürəyim, qovrularaq
biş gecələr,
Bir mənəm, bir də sükut, bir də bu müdhiş gecələr