Fərhad Tapdıqoğlu : - Vurdu.

YAZARLAR 10:14 / 11.01.2025 Baxış sayı: 847

 

                                                                        ( Dialoq)

Bakir Zakirə zəng vurdu:

- Salam, Zakir.Sabahın xeyir olsun.Nətərsən?

- Əleykümə salam,Bakir.Əə,bu sərərtə( savertə,səhər ertə) xeyir ola? Nətər olajam,əzilmiş pomidor kimi,yoğrunam...

- Narahat olma,elə- belə zəng vurdum.Sizin qonşunuzda nəyidi, axşam nə vurhavurdu?

- Qonşunun uşağının yaşıydı. Uşağın atası iki yüz qram vurdu, dəmləşdi..Böyük oğluna bir şillə vurdu.

- Əsas salamtçılıqdı?Yoldaşın necədir?

- Belə də.O gün qonşu tibb bacısı gəldi, iynələrin vurdu, sistem köçürdü,qan vurdu.

-Allah köməyi olsun.Mən də uşaqları götürüb kəndə qardaşım gilə getmişdim də ,bildin.Qardaşım təzə tikdiyi evin damını vurdu.Mən də kömək elədim.Sonra bostanda alaq otlarını vurdu mənimlə .Cır ağaclara calaq vurdu.Bar verməyən budaqları vurdu.Zəhmətkeş insandır.Dolanışığı yaxşıdır.Camaatı da bilirsən də,deyirlər ki," qaz vurdu ,qazan doldurdu".

- Sən həftə səkkiz ,mən doqquz kəndə nəyə gedirsən?.Xeyirdimi? Yəqin kənd məhsullarından xeyli yığıb gətirirsən də..

-İldə üç- dörd dəfə gedirəm,çox getmirəm.Guya kənddə hər şey ağzı günə qalıb? Camaat min bir əziyyətlə qazanır. Əlbəttə, pay- püş olur.Olandan qızırqalanmırlar, verirlər.

- Mən də kəndə getdim, gəldim.Kişi səksən yaşını başa vurdu .Onu qeyd elədik. Sən öl ,səksən yaşlı kişi kəhər atı mindi,dəhmərlədi ,şallaqla vurdu,at götürüldü. Atı bir çapdı ki,gəl görəsən.

- Allah can sağlıqlı ömür versin .Mənim də qardaşımın inəyini ildırım vurdu.Qoyunun birini də ilan vurdu.

- Kənd yerində belə şeylər çox olur.Mən uşaq olanda deyirdilər ki," filankəsi vurğun vurdu,öldü"..Nəsibə Zeynalova necə deyirdi?: "Bilmirəm ,cin mənim təpəmdən vurdu,yoxsa mən cinin təpəsindən" .Gülür.... Mən çox qalmadım kənddə,duz günü( bazar ertəsi) getdim,adna günü ( cümə axşamı) qayıtdım.

Səkkizdə oxuyan oğlum da mənnən getmişdi .Özündən böyük uşaqlarla da güləşdi,çoxuna doo( dov)gəldi,kürəklərin yerə vurdu.Futbol oynadılar qapıya neçə dənə qol vurdu.

- Day denə çempiondur ki.

Mənim oğlum ,əmisinin maşınını ağaca vurdu.Şükür salamatçılıq oldu.Həə,bir də bir qız bəyəndi kənddən.Yaxşı ailədəndir. Deyəsən oğlum " quşu gözündən vurdu"...

Bakir gülür...

- Allah xöşbəxt eləsin. Oğlum kənddə çaya çimməyə getdi,suya da baş vurdu .Həmin gün qoç da onu buynuzuynan vurdu.Zədə - zad almadı.Şükür...

- Yadımdan az qala çıxmışdı.Oğlum naqilə əl vurdu.Qardaşım qışqırdı : " bala ,yavaş səni tok vurdu".Yaxşı qurtardı...

- İki yaşlı nəvəmi də aparmışdım kəndə.Babası öyrətdi, o da mənə göz vurdu.

Ona nağıl oxuyuram.Sual verir:"cəyy(ll)ad niyə adamın boynun vuy(r)du?".Öz bildiyim kimi başa saldım.

-Qardaşım oğlu da müharibə qəhrəmanıdır də..Erməninin neçə tankını, başqa texnikalarını vurdu Qarabağ müharibəsində...

-Halal olsun igidimizə! Həə,nəvəm o günü ayaqlarını yerə vurdu.Dedi: " mənə yekə tank al".İndi gərək oyuncaq tanklardan birini alam ona...

- Qardaş, Allah bütün balaları,nəvələri qorusun.

- Amin.

....Axşam parkda görüşdülər dostlar.Bakir əlini Zakirin kürəyinə, Zakir də əlini Bakirin kürəyinə vurdu...

Hər ikisi bir- birinə:

- Maşallah ,yaxşısan- dedi...

Yenə də,evdən- eşikdən,qonum - qonşudan, yaşayan ata- analardan, ailə-uşaqdan,qardaş- bacıdan,nəvələrdən,dost- tanışdan,kənd- kəsəkdən,bir az da siyasətdən....danışdılar...