Fərhad Tapdıqoğlu - Şəhidlərimiz
Şəhidlərimiz :Səfərova Züleyxa və onun oğlanları 3 yaşlı İlqar,17 yaşlı Nurəddin.
35 gün sonra ağır yaralanmış 15 yaşlı İlhamə.
Züleyxa çox narahat idi.
Həyat yoldaşı Şükür iki gün idi ki,idarə etdiyi yük maşını ilə Yuxarı Dilağarda kəndinə top mərmiləri,silah-sursat aparmış,amma geri qayıtmamışdı.Kənddə atışma nəticəsində rabitə xəttləri zədələnmişdi,telefon əlaqəsi yox idi.
Züleyxanın böyük qızı Arzunun Səmra adlı bir qızı vardı və yenə uşaq gözləyirdi.Züleyxa ondan da nigaran idi.
Arzu Bakıda qaynı Sehran müəllimin evində qalırdı.
...Yanvar ayında 17 yaşı olacaq Nurəddin topçu idi.O zaman kəndin yeniyetmələri, gəncləri ,yaşlıları növbə ilə postda dayanaraq ,kəndin müdafiəsində iştirak edirdilər.
Züleyxa qapıda 3 yaşlı oğlu İlqarla dayanıb , Nurəddinin postdan qayıtmasını gözləyirdi.
Nurəddin gəldi...
Elə bu zaman...İlahi,bu nə idi?!...
Düşmən top atdı...
Bir anın içində ana və iki balası al-qana boyandılar.
Züleyxa və 3 yaşlı İlqar artıq həlak olmuşdular,amma Nurəddinin nəfəsi gedib gəlirdi...
Onu xəstəxanaya çatdırsalar da,xilas etmək mümkün olmur...
25 iyun 1992- ci il tarixində baş verən bu faciə ana və iki övladının həyatına son qoydu...
Ana iki balası ilə doğma Aşağı Divanalılar kənd qəbiristanlığında dəfn olundular.
...Mən Züleyxa ilə 8 il orta məktəbdə bir sinifdə oxumuşam.O illər onların da,bizim də ailəmiz Yuxarı Divanalılarda yaşayırdı.Hayların yaşadıqları Maşad kəndində ( onlar Maşkalaşen deyirdilər) ,məktəbdə öz dilimizdə oxuyurduq..
Sonradan onlar da ,biz də Aşağı Divanalılara köçdük.
Züleyxa ailə qurdu.Həyat yoldaşı Şükür sürücü idi.3 oğlan və 3 qızları vardı.
Düzünü deyim ki,mən ildə bir dəfə kəndə getsəm də,
demək olar ki,Züleyxanı görmürdüm.
...Mən bu yazını yazmaq üçün məlumat toplamağa
qonşu Qacar kəndinin sakini olan ,Züleyxanın qızı Arzunun həyat yoldaşı Şamil müəllimlə əlaqə saxladım.
Şamil müəllimin böyük qardaşı Asəflə Mehdiabad qəsəbəsində onların evində qonaq olduq.
Arzu və İlhamə məni səmimi qarşıladılar.Mən bu qızları heç görməmişdim,amma onlar məni tanıyırdılar,qızlarım kəndə qonaq gedəndə görüşürmüşlər...
Mən danışa bilmirdim,dolmuşdum.
Qızlar analarına necə də oxşayırdılar.Sanki Züleyxanı görürdüm.
Nə mən ,nə də onlar göz yaşlarımızı saxlaya bilmədik...
Araya sükut çökdü...
Qızlardan soruşdum :
--Ananızı necə xatırlayırsınız?
Hər ikisi:
--Mamamız sakit təbiətliydi .Atamıza qarşı çox diqqətli idi.
Atamız evdən çıxıb işə gedəndə onu yola salar,gayıdanda özü qarşılardı.Çayını,çörəyini gecikdirməzdi,paltarlarının səliqəli,ütülü,təmiz olmasına diqqət edərdi.
Deyərdi:"O evin kişisidir ,çörək qazananıdır,onu qorumalıyıq."
Qızlar danışır...Xəyalən kəndimizi gəzirəm.
Ailənin böyük qızı Arzu dedi:
- Qoy İlhamə danışsın.Mən 4 il idi ki,ailəli idim,Bakıda qalırdıq.
İlhamə danışır:
---Anam,qardaşlarım şəhid olandan 20 gün sonra Arzunu kəndə gətirdilər.Bu faciədən 3 gün əvvəl bir oğlu da dünyaya gəlmişdi onun.Adını da qoymuşdular:Orxan.
Arzu evimizə gələndən bir neçə dəqiqə sonra mamamı soruşdu.Dedik ki,"rayona gedib, sənin gəlişinə bazarlıq edəcək."
Arzu:"Yox,ola bilməz"-dedi.
Evimiz adamla dolu idi.Arzunu daha aldada bilməzdik.Dedik...
İlahi,Arzu nə hala düşdü?!..
20 günlük çağasına da yaxın getmədi...
Qışqırırdı: "Yooox,ola bilməz...Mamamdan sonra mənə heç kəs lazım deyil,yooox..."
Arzunun gəlişindən bir saat keçmişdi ...O İlqarı,Nurəddini soruşdu.
Mən hər şeyi danışdım.
Arzu qışqırır,özünü yerə çırpırdı...
Yazıq bacım,az qalırdı ki,havalansın...Apardıq onu qəbir üstünə...
Yooox,Fərhad əmi yoox,mən danışa bilmirəm ,danışa bilmirəm..."
...Söhbətə göz yaşları ara verdi...
İlhamə davam elədi:
--Arzu günün çox hissəsini qəbiristanlıqda keçirirdi.O da,mən də intihar etmək istəyirdik. Qapıda olan tut ağacına çıxırdıq ki, alçaq düşmənlərimiz bizi görüb,vurub öldürsünlər.
Qohumlar bizə nəzarət edirdilər ki,intihar etməyək...
...Həmin o dəhşətin,faciənin 35-ci günü idi.
Yenə...yenə evimizə top mərmisi düşdü..Mən qapıdaydım.Xanım nənəm qorxub yıxılmışdı,hamı onun yanında idi.Məni isə qan aparırdı...
Gözümü açanda özümü xəstəxanada gördüm.Qaraxanbəyli kəndinin hospital-xəstəxanasında...
Dalağımı çıxarmışdılar.Bədənimdə olan 5 top mərmisi qəlpələrindən 3-nü çıxarmışdılar.Amma iki mərmi qəlpəsini hələ də özümlə daşıyıram.3 ay orada müalicə aldım"...
İlhamə danışır...danışır...
Düşünürəm: "bu ailə faciəsini yaşayanlar yenidən əclaf haylarla necə dostluq edə bilərlər?"
Yalnız belə faciələri yaşamayanlar sülhdən danışa bilərlər...
...Mən daha yaza bilmirəm...
Onsuz da geniş infarktdan sonra ağır,açıq ürək əməliyyatı keçirmiş biriyəm.
Yazdıqlarımı özüm yaşamasam yaza bilmirəm...
Bu gecə də bir faciə yaşadım.Sanki kəndimizdəydim ,əsirlikdə olan kəndimizdə 3 yaşlı İlqarı,17 yaşlı Nurəddini köksünə sıxaraq,bərk-bərk qucaqlayıb əbədi yuxuya gedən bir ana var,Züleyxa ana...
Qəbriniz nurla dolsun Züleyxa bacı...
Bizim kimi diri ikən ölü olmaqdansa,Sizin kimi ölü ikən diri olmaq daha şərəflidir,şəhid ana!
28.06.2019
P.S.Qarabağımızı işğaldan azad edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Allah Ordumuzu qorusun.
20.01.2026