Fazil SƏNAN-OLANLAR SİLİNƏSİ DEYİL
Yenises.az tanınmış yazıçı-publisist, Fazil Sənanın Tofiq Əmrahovun yaradıcılığı haqqında qələmə aldığı publisistik məqaləni təqdim edir
"O kənd bizim kənddi...
Gəncədən xeyli uzaqda bir kənd var. Yolları dolanbac, saysız cığırları, buz bulaqları... Dağ başındadı o kənd. Hər iki tərəfində şığıyıb üzü aşağı Kür çayına qovuşmağa tələsən Böyükkürək, Balakürək çaylarıdır. İlin bütün fəsillərində gözəldi bu kənd. Baharına, yazına da heç söz ola bilməz. Xalı kimi hörülmüş çəmənlikləri, sayı bəlkə də minlərlə olan dağ çiçəkləri adamı heyran etməyə bilmir. Hamısı bizlər üçün, bizim üçün İlahi tərəfindən bəxş olunmuş əvəzi olmayan sərvətlərdi...
Payızında meyvələrin dadından və ətrindən heç doymaq olmur. Davasız, dərmansız, bol vitaminli meyvələr... Qışda da ağ örpəyə bürünür bu kənd. Gözlər lazım olur ki, bu gözəlliklərə baxıb zövq alsın...
Bəli, Todandı o kənd. Məğrur, yenilməz Todan!"
Bu misralar Tofiq Əmrahın "Görüş" (Gəncə-2025) adlı kitabında "Bəzəkli corab" adlı hekayəsindəndir.
Sənətimlə bağlı bir çox ədəbi nümunələrlə tanışlığım var. Düzünü deyim ki, doğma kəndini bu cür təqdim etməyə – təsvir olunmasına çox az rast gəlmişəm.
Belə bir təsvirlə Abdulla Şaiqin "Köç" adlı hekayəsində qarşılaşmaq olar. Vaxtı ilə orta məktəbin dərsliyində A.Şaiqin "Köç" hekayəsinin öyrədilməsini yaşlı nəsil xatırlamamış olmaz.
Hər iki hekayənin doğma yerlərin təsvirində müəllif real və canlı təsvirləri ilə oxucu yaddaşında unudulmaz iz buraxmaqla vətənə məhəbbət hissi aşılayırlar.
Biz yuxarıda iki müəllifin adını çəkdik. Onlardan biri ədəbiyyatda özünəməxsus yeri olan Abdulla Şaiqdir, digəri isə ədəbi aləmdə yetərincə tanınmayan Tofiq Əmrahdır. Kimdir Tofiq Əmrah?
Suala cavab vermək üçün oxucu üçün müəllif barədə bəzi məqamlara işıq salmağa çalışacağıq. Tofiq Əmrah Todanda dünyaya göz açıb və orada böyüyüb. Uşaqlıq və ilk gənclik illərini həmin kənddə başa vurub.
Həyatın keşməkeşli yollarında çətinlikdən keçərək nankor qonşularımızın Azərbaycana qarşı torpaq iddiaları ilə bağlı başladıqları savaşla həyatının yeni bir səhifəsinə qədəm qoyur Tofiq Əmrah.
Birinci Qarabağ savaşında ermənilər yaşayan kəndlərin əhatəsində olan Todanın qara günləri baş-layır. Başqa bölgələrdə olduğu kimi Tofiq Əmrah da kənd sakinlərindən könüllülər batalyonu yaradaraq özü də komandir olur. Bununla da Tofiq Əmrahın səngər həyatı, döyüş yolu başlayır.
Quş tüfəngi ilə silahlanmış todanlılar müasir silahlarla təchiz olmuş erməni əsgərlərinə qarşı sinə gərməli olurlar.
Maraqlıdır ki, "əliyalın" vəziyyətdə düşmənə qarşı vuruşan Todan könüllüləri dəfələrlə kəndə girən düşməni kənddən çıxarırlar. Hərbi biliyə malik olan Tofiq Əmrahın hərbi taktikası ilə bərabər, Todan könüllülərinin də ürəklərində doğma kəndə sonsuz məhəbbət hissinin olması idi.
Mən Tofiq Əmrahın Todanın müdafiəsi zamanı göstərdiyi qəhrəmanlıqlar haqqında, başqa yoldaşlardan çox eşitmişəm. Tofiq Əmrahın ömür yolunu şərti iki hissəyə bölmək olar. Soyuq səngərlərdən və döyüş yolundan başlayan Tofiq Əmrah ömrünün son dayanacağı yazı masasının arxası olur.
Deyir tarix təkrar olur, fikrinin reallığını xalq yazıçıları Əbülhəsənin, İsmayıl Şıxlının, Süleyman Vəliyevin, Məmməd Aranlının və başqa qələm adamlarının, 1941-1945-ci il müharibəsi zamanı keçdikləri ömür yolunu XX əsrin son on illiyində Tofiq Əmrahın yaşaması arasında nə qədər yaxınlıq və oxşarlıq var?
Yazıçı fantaziyası nə qədər güclü olsa belə adlarını çəkdiyimiz yazıçıların müharibə mövzusunda yazdıqları əsərləri əvəzləyə bilməz. Çünki hadisələrin iştirakçısı olan qələm adamları həmin hadisələri canlı olaraq yaşayıblar. Tofiq Əmrah kimi.
Səngərdən başlanan ömür yolunun dayanacağını yazı masasının arxasında tapan Tofiq Əmrahın şahidi olduğu səngər ağrılarını heç cür həyəcansız oxumaq mümkün deyil. Həmin yazılar yaxın keçmişimizin bədii səlnaməsidir.
Oxucu, indi üz tutaq Tofiq Əmrahın yaradıcılığına. Görək Tofiq Əmrah gördüyü və yaşadığı hadisələri biz oxuculara necə çatdırır.
* * *
Tofiq Əmrahın yaradıcılıq nümunələrində müharibə (vətənpərvərlik) mövzusu aparıcı xətdir. Müharibə mövzusunda qələmə alınmış yazılar hekayə, gündəlik, xatirə, oçerk və s. formasında olmasına baxmayaraq hamısı bir xətt ətrafında birləşir. Həmin xətt müəllifin canlı şahidi və iştirakçısı olduğu müharibə mövzusudur.
"Ömür yolu" (Gəncə-2025) kitabında "Şəhidimiz, qorxmazımız... və Qana boyanmış çörək" yazısını hekayə və yaxud xatirə hekayə adlandırmaq olar.
Sənədli xatirə-hekayə olan yazıda müəllif Siyasət xanımın obrazında Azərbaycan qadınının qorxmazlığını təbii, rəngsiz boyalarla verməsi istər-istəməz oxucu rəğbətinə səbəb olur.
Biz burada real obrazla necə varsa o formada tanışlığımızın əsas səbəbi yazıçı qələminin reallıqdan qidalanmasıdır.
24 may 1992-ci il. Todan hər tərəfdən mühasirəyə alınıbdır. Düşmənin fikri qətidir, kəndə girmək. Kənd əhli təşviş içərisindədir. Hər tərəfdən düşmən gülləsi yağır kəndə. Ana qızına deyir ki, un gətir, su gətir. Qızı təəccüb içərisində "Ana, vəziyyəti görmürsən, nə etmək istəyirsən?" – deyir.
"Xəmir yoğuracağam qızım" – deyən ana, qızı ilə razılaşmır. Xəmir qatır. Bu məqamda həyat yoldaşı Qəşəm və qardaşı Cabbar da gəlir.
Qəşəmlə Cabbarın təkidinə baxmayaraq Siyasət kənddən çıxmır və deyir:
– Yox, qardaş, heç hara gedən deyiləm. Siz vuruşun, ürəklə vuruşun ki, burada bacınız (həyat yoldaşınız) var.
Komandir Tofiq müəllim desə ki, çıxın kənddən, onda çıxaram. Bilərəm ki, artıq kənd düşmənə təslim olur, – deyə cavab verir.
Siyasət təndirə od salır. Çörəyin birini çıxardır. İkinci çörəyi çıxardanda düşmənin atdığı top gülləsi Siyasətlə birgə bişirilmiş çörəyi də qana bulayır.
Todanın ilk şəhid qadını olan Siyasət qorxmazlığı ilə gələcək nəslə bir nümunə olur. Bu gün vətənin bütövlüyü uğrunda canlarından keçən oğulları Siyasət kimi analar dünyaya gətirib və həmin igidlərə döşlərindən südlə birgə vətənpərvərlik şirəsi, məhəbbəti əmizdirib.
"Burada bir igid yatır" yazısı da sənədli hekayə üslubundadır. "Azğınlaşmış düşmənin düşmən mərmilərinin səsinə oyanan todanlıların ilk oyanıb silaha sarılanı da o oldu, ilk komanda verəni də mən" deyən müəllif təzəcə nişanlanan Şubay 12 iyun 1991-ci ildə doğma torpaqların müdafiəsinə qalxır. Düşmən qarşısına ov tüfəngi ilə çıxan igidlərin düşmənin iriçaplı pulemyotu ilə qayıdanlar arasında igid Şubay da var idi.
18 fevral 1992-ci ildə düşmənin Mənəşli kəndindən təmizlənməsi əməliyyatı zamanı igid Şubay düşmən gülləsinə tuş gəlir.
Yazıçı qəhrəmanın şəhidliyinə ürək ağrısı ilə "Neçə-neçə arzuları yarımçıq qaldı, ata-anası göz yaşı tökdü. Nişan üzüyü yenicə barmağına taxılmış Todan gözəli, başına qara yaylıq bağladı", – deyərək, ürək parçalayan söylədiyi ağıya istər-istəməz oxucusunu da şərik edir. Haqlıdır yazıçı, oxucunu öz dərdinə şərik etməkdə. Çünki oxucunun bu gün sağ-salamat qalması və torpağının bütövlüyü ilə fəxr etməsinin səbəbkarı arzuları yarımçıq qalan Şubayların şəhidliyin ali məqamına ucalması hesabınadır.
Müəllifin yazılarında bir məsələni vurğulamaq lazımdır. Sənədli yazıların qəhrəmanlarının "Şəhidimiz, qorxmazımız və ya Qana boyanmış çörək" də şəhid olmuş Siyasətin və "Burada bir şəhid yatır" da isə şəhid Şubayın şəkillərinin verilməsi oxucu yaddaşında silinməz bir iz buraxır.
"Satqın", "Tərkisilah" və "Erməni ki, erməni" yazıları ideya baxımından bir xətt ətrafında birləşir. Belə ki, "Satqın"da çavuş Şahbazovun ayıqlığı sayəsində satqın ifşa olunur. "Tərkisilah"da döyüş yol-daşlarının arxadan vurulmasından serjant Nəbiyevin şübhələnməsinə səbəb olur və öz-özünə düşünür: "Az bir vaxtda əsgər yoldaşlarımın arxadan vurulması ancaq düşmən işi ola bilər", – fikrini qətiləşdirən serjant Nəbiyevin ayıq-sayıq olmağına təşviq edir. Serjantın ağıllı və cəsarəti nəticəsində özlərini azərbaycanlı əsgər kimi göstərən erməni əsgərləri komandirlə dialoq nəticəsində ifşa olunurlar.
Müəllif erməni xislətini "Erməni ki, erməni" adlı kiçik bir yazısında yığcam və maraqlı formada oxucuya çatdırır.
Hadisə 1941-1945-ci il müharibəsi zamanı Mazdok uğrunda gedən döyüşlər zamanı baş verir. Döyüşən əsgərlər arasında Nikol adında bir erməni əsgəri də var. Azərbaycanlı əsgərin erməni Nikoldan gözü su içmir.
Döyüş zamanı komandir rus balası müvəqqəti fasilə əmri verir. Bu zaman hərə özünə səngər qazır, başqa üsullar axtarır. Erməni Nikol azərbaycanlı əsgər yoldaşına yaxınlaşaraq yaxınlıqdakı qamışlığı göstərib deyir: "Ara kirva, gəl buradan qaçaq. Ara, məzhəb haqqı nemes hamımızı qıracaq".
Mən sərt halda dedim: "Ə erməni, dəli olmusan, qaçmaq nədir? Kişi də qorxaq olar? Kişi də düşmən qabağından qaçar?"
Bu söhbətdən sonra erməni azərbaycanlı dostundan kənar gəzir. Atəşin müvəqqəti dayandığı zamanda qamışlıqdan xışıltı səsi gəlir. Komandir cəld qamışlığa tərəf sürünür və özlüyündə düşünür ki, bu yaxşı oldu. Ərzaq da çatışmır. Dəqiq qabandır fikri ilə atəş açır və əsgərlərə deyir ki, gedin qabanı gətirin.
Göndərilən əsgərlərin içərisində erməninin "dostu" azərbaycanlı da var idi. Qamışlığın içərisinə gedən əsgərlər nə görsələr yaxşıdır. Erməni Nikolun bədəni deşik-deşik olubdu.
Müəllif hadisənin keçmişdə baş verməsi ilə erməninin tarixən qorxaq olduğunu vurğulayır. Nikolun ölüm səhnəsi kinayə qarışıq gülüş doğurur. Erməninin qorxaqlığı ilə çox sevdiyi heyvanın qamışlıq və bataqlıqda ölməsi bir-birini tamamlayır.
Müəllif kiçik həcmli yazıda erməni xarakterini verməklə, bir məsələni oxucu diqqətinə çatdırmaq istəyir. Erməni heç vaxt Azərbaycan torpağını işğal edə bilməzdi, din qardaşlarının köməyi olmadan. Tarix kimin kim olduğunu bir daha göstərdi.
"Bu Todandır" essesi müəllifin lirik duyğularının tərcümanıdır. "Mənim görünməyən qanadlarımdı Todan. Bu qanadların böyüklüyü də, əzmi də ruhumun qidasıdır" misraları arxasında iki Tofiq Əmrah görünür. Biri cavan doğulub boya-başa çatdığı Todan uğrunda gəncliyini, sağlamlığını qurban vermiş Tofiq Əmrah. Budur vətəni sevmək! Budur ata yurdunu qorumaq! Budur canı, qanı bahasına düşməni yerində oturtmaq.
İllər öz işini görüb. Yaş üstə yaş gəlib. "Qocalıq da ömrün hikmətidir, həyatın hədiyyəsidir" fikri ilə Todana yol alan Tofiq Əmrah doğmaların, tanıdıqlarının çoxunun həyatda olmadığını, qapıların çoxunun bağlı, həyət-bacanın ot-əncər basmasını görən Tofiqin içindən bir ağrı keçir. O, o ağrını ancaq Tofiq özü duyur, özü hiss edir. Kövrəklikdən axan göz yaşları içinə axır və "Bir gün mən də olmayacağam... Yaşımı Todanımın ömrünə, yaşadıqlarımı tarixinə, cismimi torpağına qatacağam. Torpaq olacağam..." Todan olacağı fikrində dialektik qanunauyğunluğa işarə edən müəllif "Maddələr itmir, bir formadan digər formaya keçir" prizmasından çıxış edərək yenidən zühur edəcəyinə və "sağ qalacağını" deyir.... Sonda "Hə... Mən vətən olanda sizə Todandan və məndən çox danışacaqlar" söyləməsi ilə Tofiq Əmrahın Todan tarixində əbədi qalacağına əmindir.
Müəllifin bu inamlı fikrinə biz də şərikik. Bunu Tofiq Əmrahın keçdiyi ömür yolu və yazdığı kitablar da deyir.
Hər bir yaradıcı adam kimi Tofiq Əmrahın da yaradıcılığında məhəbbət mövzusu ilə qarşılaşmalı olursan. "Yaralı sevgi", "Görüş", Elçilik" və s. hekayələri maraqlı məzmunları ilə diqqətçəkən hekayələrdir.
Müəllifin iki "Görüş" hekayəsi var. Hekayənin biri məhəbbət mövzusundadır. Kamilla Sevil orta məktəb illərindən bir-birini sevir. Kamil hərbi xidmətdə olarkən Sevil məktub yazaraq onu başqasına vermək istədiklərini bildirir. Məktuba "Muştuluğuna nə verim? Verirlər, get də" cavab yazması, ağrısını ömrü boyu yaşayan Kamil ömrün ahıl çağında Xan bağına yolu düşür. Xan bağı Kamilın mamırlanmış xatirələrinin oyanmasına və yenidən yaşamasına səbəb olur. Bir təsadüf nəticəsində Sevillə qarşılaşır. İllərin arxasından boylanan gənclik xatirələrini yenidən yaşayan sevgililər bir-birlərini tanısalar da yad adamlar kimi ayrılırlar.
Sevilin arxasınca boylanan Kamil vaxtı ilə etdiyi səhvlə baş-başa qalaraq daxili əzabın içərisində qıvrıldığı bir özünə məlumdur.
İkinci "Görüş" hekayəsi ata-oğul münasibətindən bəhs edir. Əliş kişi oğlunu kənardan da olsa görmək arzusu ilə evdən çıxır. Ata oğulun nankorluğuna baxmayaraq kənardan görüb təsəlli tapmaq arzusu ilə yeməkxanaya gedir ki, yemək yesin. Kənarda dostları ilə yeyib-içən oğul, dostlarına qocanı tanımadığını söyləməsi cəmiyyətdə qarşılaşdığımız faciədir. Yazıda övlad naxələfliyini ön xəttə çəkməklə müəllif bu ağrıya güzgü tutur. Həmin güzgüdə kimin özünü necə görməsi və aldığı tərbiyənin nəticəsi kimi özünü təsdiq edir.
"Yaralı sevgi"də təmiz məhəbbətlə nadanlığın, meşşan təbiətin qarşılaşması və Qismətlə Mehrinin gələcək xoşbəxtliyinin üstündən xətt çəkir.
"Sahibini gözləyən məzar" povesti də məhəbbət mövzusunda qələmə alınıb. Povestin əsas aparıcı surətləri Bənövşə ilə Aqil olsa da, baş verən hadisələr əsas Bənövşə ilə bağlıdır.
Bənövşənin Aqilə olan sonsuz sevgisi onu xoşbəxt görməkdir. Qurduqları ailə həyatı təmiz, saf məhəbbət üzərində boy atsa da, Bənövşənin içərisində həmişə bir bədbəxtlik şübhəsi dolaşmaqdadır.
Nahaq demirlər ki, insan ürəyi həssasdır. Bənövşənin həkimə düşməsi və ana ola bilməyəcəyi sözünü həkimdən eşidəndə, şübhələrinin doğruluğunun təsdiqini anlayır.
Bənövşənin təkidi ilə ayrılırlar. Ayrılmaqda məqsədi Aqili xoşbəxt, ata olacağını görmək arzusudur.
Bədbəxtlik yol yoldaşı olan Bənövşə ikinci dəfə ailə həyatı qursa da xoşbəxtlik üzünə həsrət qalır. Həyat yoldaşı ailəsini yoxlamaq üçün gedəndə avtoqəza zamanı həlak olur. Qızının dərdinə dözməyən ata-ana da dünyasını dəyişir. Tənha və kimsəsiz qalan Bənövşə özünə məzar yeri düzəltdirir və tez-tez gedib boş məzarı ziyarət edib göz yaşı tökür. Məsələni öyrənən qoca gözətçinin göz yaşlarını qurulaması ilə bədbəxt qadının bədbəxtçiliyinə şərik olmasıdır.
Son nəfəsdə Bənövşənin Aqillə olan söhbəti povestin kövrək notları olmaqla bərabər, Bənövşənin mənən zənginliyinin göstəricisidir.
Ölümündən sonra Nərgizin xatirə albomunu oxuması, Aqilin ona verilən kağızla tanışlığı oxucuda ümidverici işartının yaranmasıdır.
Cəmiyyətdə baş verən neqativ hadisələr yazıçı diqqətindən kənarda qalmır.
Sosial şəbəkədə və televiziyada tez-tez qarşılaşdığımız övladını atıb başqasına qoşulub qaçan anaların obrazını müəllif "Bəzəkli corab" hekayəsində məharətlə ümumiləşdirmişdir. Ananın nənə ümidinə qoyub getdiyi övladı üçün bəzəkli corab toxuması peşmançılıq hissinin göstəricisidir.
"Kirvə qızı" hekayəsində müəllif gərəksiz milli adət-ənənəyə qarşı çıxır. Kirvəlik adəti gələcək xoşbəxt bir ailənin qurulması qarşısında aşılmaz bir sədd kimi dayanır.
"Maraqlı görüş", "Dost tərifi", "Ana ürəyi" və s. hekayələr öz məzmununa görə yadda qalan hekayələrdir.
Uşaqları yaddan çıxartmayan baba Tofiq Əmrah balacalar üçün "Tülkü və Alabaş" adlı təmsil-hekayəsində Alabaşın timsalında vəfa, etibar və sadiqliyi göstərir.
Ümumiyyətlə, biz Tofiq Əmrahın səngərdən yazı masasına doğru uzanan yoluna qısa bir nəzər salmağa çalışdıq. Həm döyüşçü kimi, həm də qələm sahibi kimi oxucularla qısaca fikrimizi bölüşdük.
Tofiq Əmrah keçdiyiniz ömür yolu və qələmə aldığımız mövzular silinəsi deyil. Gələcək nəslin yaddaşında döyüşçü və yazıçı kimi qalacağınıza əmin ola bilərsiniz.
Qarşıya qoyduğumuz məqsədə necə nail olmağımızı tələbkar oxucular dəyərləndirəcəkdir.
23.12.2025