Faiq Balabəyli - KƏNDİMİZƏ DÖNÜRƏM

Ədəbiyyat 20:30 / 10.01.2026 Baxış sayı: 1685

 

Daha burdan o yana

nə yol qalıb, nə ümid

Kəndimizə dönürəm -

qayıdıram naümid.

 

Qurumuş çay yatağı

göy əvəlik, miyana

üstündə uzandığım

çayır, yonca, bəbənəy

yeniyetmə vaxtımın

nişanəsin saxlayıb.

Gör nə qədər ləngidim

gör, nələri haxladım.

 

Təkəsaqqal, cincilim

göy otlar xalı, kilim

Bir ala göz qız üstə

Doğrannam dilim-dilim...

 

Göyün yeddi qatına

uçurtduğum çərpələng

çiçəklərdən çiçəyə

uçan, qonan kəpənək...

uşaqlıq illərimin

uzaq qalan vaxtları...

Kəndimizə dönürəm...