Əyyub Türkay : - BALALAYAN DƏRDLƏRİM
Bircə içim su olub,
Axıram gözlərimdən.
Bəxtimi itələyib,
Yıxıram gözlərimdən.
Bilirsən, üzülürəm,
Aynalara baxanda.
Yarpaq kimi tökülən
Qaşlarımı sıxanda.
Seyrələn saçlarımın
Vidası ağır gəlir.
Ağrılar güllə kimi
Üstümə yağır, gəlir...
Hər gün təzə yol çəkən
Gözlərimdən yoruldum.
Taleyim kimi sınıq
Güzgülərə vuruldum.
Kim verər ki, canından
Bircə nəfəs pay mənə.
Heç kim mənimtək olub,
Özün tutmaz tay mənə.
Günbəgün maraqlanan
Azalacaq mənimlə.
Balalayan dərdlərim
Çoxalacaq mənimlə...
Bax, onda görəcəyəm,
Dünya neçə bucaqdır.
Kimlər ruhən yaxındır,
Kimlər cismən uzaqdır...
Sağalmayan dərdimin
Neçə-neçə başı var.
Amma, öləndən sonra,
Bircə qara daşı var.
Mənə nə var, köçməyə
Karvanım hazır durub.
Taleyimin bağrını
Qismətim çoxdan yarıb...