Əşrəf Veysəlli : - Ahıllaşan, ağırlaşan ömrümüz.
İsindikcə qəlbimizin odunda
Xəyalımız göyün yeddi qatında…
Qalacaqmı nəvələrin yadında
Şəkərləşən, nağıllaşan ömrümüz.
Günlərimiz dağdan aşan köç oldu,
Çox arzuya qovuşmadıq,- gec oldu.
Oğul balam, harda qaldı, necoldu
Ərənləşən, oğullaşan ömrümüz?!
Ömrün gözəl anlarını arzular
Arzuların nübarını arzular.
Payız günü baharını arzular
Zimistana yaxınlaşan ömrümüz.
Dünya ki var, boşalandı, dolandı
Məhəbbətdən qeyri hər şey yalandı.
Sevgi varsa, daş üstə də qalandı
Nəğmələşən, nağıllaşan ömrümüz.