Elşən Əzim : - Hadisə vaqe olur əyalət şəhərlərindən birində...
jpg-1739780907.jpg)
Bələdiyyə seçkisindən bir neçə gün əvvəl, şər qarışan vaxt Sağ sahildə sökülən fin binalarının arasındakı qaranlıq küçə ilə evinə gedən qadına cavan bir oğlan yaxınlaşır. Ədəb-ərkanla salam verəndən sonra bildirir ki, bələdiyyəyə namizədlərdən birinin təbliğatı ilə məşğuldur. Gənc oğlan söhbəti çox da uzatmadan mətləb üstünə gələrək hal-qəziyənin nədən ibarət olduğunu deyir: "50 manatdan seçicilərə pul paylayırıq ki, filan namizədə səs versin".
Qadın da yol getdiyi yerdə 50 manat qazanacağına bir xeyli şad- xürrəm olaraq, həmin namizədə səs verəcəyini bildirir. Səliqəli, qanacaqlı gənc cibindən şax bir "yüzlük" çıxarır və qayıdır ki, 50 manat xırdanız varsa zdaç qaytarardınız. Qadın da çantasında bir qədər qurdalandıqdan sonra 50 manat düzəldib pulun qalığını qaytarır. Halallaşıb ayrılırlar.
Səhəri gün yüzlüyün saxta olduğu məlum olur. Qonum-qonşuya hay vuran qadına deyirlər ki, bu Əliqulunun (ad şərtidir) işidir, belə taraqqılı dələduzluq ancaq onun ağlına gələ bilər. Arvad arayıb-axtarıb Əliqulunun evini tapır.
Qapını Əliqulu özü açır, xala da gül ağzını açır:
"Ay o*ğraş, ay şərəf*siz, belə oğul tərbiyə edərlər? Sənin o yetimçən Küçənin ortasında anası yaşda arvadı aldadıb pulunu alır"
Əliqulu da ki, 60-65 yaşlarında, heç vaxt evlənməmiş, subay, afirist bir kişi... Qayıdır ki, a bajı , bir içəri keç, əməlli danış görüm qarnının dərdi nədi?
Arvad içəri keçib başına gələn qəzavü-qədəri bittə-bittə danışır.
Əliqulu soruşur ki, a bajı, Əliqulunu görsən, tanıyarsan?
Arvad sevincək halda "hə" deyir və qayıdır ki, şəklini də göstərsən, tanıyaram.
Əliqulu cibindən şəxsiyyət vəsiqəsini çıxarıb qoyur arvadın qabağına, daha doğrusu, masanın üstünə.
"Əliqulu mənəm"
Şok keçirən arvad alt dodağını dişləyib öz şapalağını öz üzünə vurur:
A qardaş, sən allah bağışla, səhv gəlmişəm, gedim polisə şikayət edim.
Əliqulu belə hərifi buraxarmı? Buraxmaz.
Ciddi bir görkəm alır, pırtlaşıq saqqalına sığal çəkir, qanı qaralmış halda təəssüflə başını bulayır və deyir:
"Yoox, sən kadın xeylağısan, bu işdən mən özüm şikayət edəcəm. Görüm Azərbaycanın seçki qanunu pozan bu dələduzlar kimdir? Hansı namizədin adamlarıdır? A bajı, bu xəmir çox su aparajax, sənin də başın ağrıyajax, çünki sən də səs verəcəyin üçün rüşvət almısan."
Qorxudan tir-tir əsən arvad Əliqulunun əl-ayağına düşür ki, bəs lazım deyil, itaparan olsun. Əliqulu hara əl çəkir? İki ayağını bir başmağa dirəyir ki, demokratik seçki burdan gəldi, məcəllə ordan getdi, filan-pəşməkan...
Xülasə, söhbət çox uzanır, axırda Əliqulu qadından 50 manat alır və şikayət etməyəcəyinə kişi kimi söz verir.