Şakir Xanhüseyn - BİR ANIN ŞEİRİ

Ədəbiyyat 22:04 / 12.03.2026 Baxış sayı: 193

 

ötənləri qəlbimdə küllədim daha,

nə bir dost xatirəsi, nə yaxın səsi;

bunları bir quyuya tulladım daha,

nə dünya fırlanışı, nə çarxın səsi...

 

zəmanə adamına dönübdü görsən,

kiminsə qapısını döyməyə dəyməz.

ünsiyyət ocaqları sönübdü görsən,

nəyəsə can yandırmaq bir şeyə dəyməz...

 

xəyalından keçəni könlündə basdır,

çırpı atıb bu odu gurlatma nahaq.

yadına saldıqların bir hisdi, pasdı,

onlar ilə ruhunu kirlətmə nahaq...