Elşən Əzim - Dünyadan

Ədəbiyyat 08:55 / 03.09.2025 Baxış sayı: 2695

Ömürlə başını qatan adamlar,

İli il üstünə atan adamlar,

Dünyanı dördəlli tutan adamlar,

Çıxıb gedəcəyəm sizin dünyadan....

 

Gözlədim, bu yolda dönüm olmadı,

Bircə öyünməli günüm olmadı.

Bu dünya bir gün də mənim olmadı,

Çıxıb gedəcəyəm sizin dünyadan.

 

Yazıldı bu yerin, göyün varağı,

Mənim yerim yoxdu, göyüm var axı.

Özgə dünyasında nəyim var axı?!

Çıxıb gedəcəyəm sizin dünyadan.

 

Elə bu tale də göylərdən enib,

Yaxşı ki, vaxtında danışıb, dinib.

Bir ölü aparan maşına minib-

Çıxıb gedəcəyəm sizin dünyadan.