Elnur Uğur Abdiyev  -  Göz kirəsi uma- uma

Ədəbiyyat 09:29 / 09.02.2026 Baxış sayı: 442

  Göz kirəsi uma- uma,

Günü gündən borc alırıq.

Görə- görə, duýa- duya,

Günü- gündən qocalırıq.

 

Seyrəkləşir saçımıztək,

Dost,doğmalar aramızdan.

Sevgi cərgəsində hər gün,

Biri çıxır sıramızdan.

 

Biz eşq məktəbində dərsi,

Oxuduq, sinifdə qalaq?

Əzbər dedik hər bir bəhsi,

Rəvamıdır iki alaq?

 

Biz dünyaya ürək qoyduq,

Ürəyimiz yıxır bizi.

Gen qucaq açdıqlarımız,

Məzar kimi sıxır bizi.

 

Təklik elə tənlikdi ki,

Ha vur, böl cavabı birdi.

Həyat adlı bu düsturun,

Ən son tərifi qəbirdi.

 

Di salamat sən də gecə,

Sabah görüşsək,min şükür!

Ağac həyat eşq yarpağın,

Yaman vaxtından tez tökür.