Ağamir Cavad : - HAQQ YOLUNUN KÖRPÜSÜNDƏN KEÇMİSƏN

Ədəbiyyat 18:48 / 09.04.2025 Baxış sayı: 1060

 

Hər kəlamın bir dünyadır eşq dolu,

Sözlərinlə ömrə işıq saçmısan.

Sevgimizdən gəlib keçir haqq yolu,

Bir öpüşlə eşq düyünün açmısan.

 

Oynamadın hər oyununa fələyin,

Ətir dadır süfrəndə duz-çörəyin.

Qızılquştək pərvazlanıb ürəyin,

Eşq yurdumda qanad açıb uçmusan.

 

Qəlbimizin rəfində eşq kitabı,

Götürmüşük hər dözümü, hər tabı.

Tanrı verib bizə vəhdət şərabı,

Əllərindən buta alıb içmisən.

 

Daş həsrətin üstə bitən kol solub,

Qəm dağılıb, hücrəsinə eşq dolub.

Ürəyimdə əbədi bir yurd salıb,

Məhəbbətin şah bağına köçmüsən.

 

Qədrin bilək ömrün ötən hər anın,

Qoy yayılsın aləmə eşq dastanın.

Eşqin ilə bağrın dəlib hicranın,

Vüsalınla həsrət qəmin biçmisən.

 

Bu dünyanın gücü çatmır mərdinə,

Qoyma haqqın meydanında şər dinə.

Sinə gərib hicranın hər dərdinə,

Haqq yolunun körpüsündən keçmisən