Fərhad Tapdıqoğlu : - Pensiyada ( təqaüddə )olan Azər kişinin söylədikləri

O,avtobus dayanacağında dayanmışdı.Yaxınlaşıb ,salam verdim .Hal- əhval tutduq.Yaxınlıqdakı yeni salınmış parka tərəf gedib ,boş oturacaqların birində əyləşdik.
Xəyallar Azər kişini ağuşuna almışdı.Dərindən ah çəkdi ,özünü ələ alıb ,danışmağa başladı:
---Təbii ki, dünyaya göz açdığım günü xatırlamıram.Nənəm (anam) deyirdi ki, qarlı qış günündə ,keçən əsrin 50- ci illərinin əvvəlində doğulmuşam.Məni qucağına birinci anam alıb,günlər sonra isə atam boyumu söyüb( yəni sevib,əzizləyib).Sakit çağa olmuşam.Nimdaş yorğan- döşək üzlərindən əski kimi istifadə edib ,məni bələmişlər.Mənə papış alıbmış əmim .İlk addımlarımı atanda mənə təzə aldıqları çustu geyindiriblər.Sonra qaloş da alıblar.Ayaqqabı almağa imkanları olmayıb.Böyük qardaşımın köhnələrindən geyindiriblər.
....Birinci sinfə gedəndə ,anamın tumanlığından qalan parçadan mənə iki qulpu olan torba( çanta) da tikiblər.Çirnel ( mürəkkəb) dı alıblar,ucu perolu qələmlər də,bir neçə dəftər də,karandaşlar da.
Mənə aldıqları kitabları ,dəftərləri ,məndən böyük bacım qəzet parçasıyla üzləyib.Mürəkkəblə yazandan sonra yazdıqlarımızı suçəkənlə qurulardıq.
İlk günlərdən dərslərimi yaxşı oxumuşam,yaxşı qiymətlər almışam.
İllər keçdikdən sonra mənə qara məxmərdən pencək də tikdiriblər.Palto-plaş ala bilmədiklərindən tək sortux( köhnə pencək) geydiyim illər çox olub ...
Sonralar kitab- dəftərlərimi məktəbli çantasında daşıyırdım.Əla qiymətlər alıb,sinifdən sinfə keçmişəm. ...
...Bir dəfə,gərək ki,beşinci sinifdə oxuyurdum,bizi rayon mərkəzinə, bir tədbirə aparırdılar.Ayaqqabım yox idi.Qonşunun arvadının uc hissəsi düzbucaqlı şəklində olan bir cüt nimdaş ayaqqabısının hündür kablokunu mişarla kəsib, qısaltdılar .Onu geyinib tədbirə getdim.
Bir müddət qağam ( atam) arpa ,qarğıdalı unu alıb gətirəndə ,çox sevinir ,həmin unlardan nənəmin təndirdə bişirdiyi çörəkləri iştahla yeyirdik .
( Xruşşovun rəhbər olduğu son illərdə).
Mənə oyuncaqlar alınmayıb.
Saya parça alıb ,ayaq tərəfi və yuxarı hissəsi rezinli olan finka da tikdiriblər,geyinəndə çox sevinmişəm.Orta məktəbi bitirənə qədər palto da ala bilməyiblər.Çox soyuq olanda iki sortuğu ( köhnə pencəkləri) üst- üstə geymişəm. Amma kepkam olub.Qulaqlarımı nənəmin köhnə bel şalından kəsilmiş əski ilə bağlayardım ki,soyuq aparmasın.
"Samokatı" da özüm düzəltmişdim özümə.Çiling- ağacım da vardı,qarğı atım da.
Velosiped almağa imkanları olmayıb valideynlərimin...Dayımoğlunun velosipedini həvəslə sürürdüm.
Bir müddət qağamın murdar "hay"lardan aldığı, donuz gönünündən tikilmiş çarıq da geymişəm.
Valideynlərimin rezin sapoq( çəkmə) almağa imkanları olmadığından,böyük qardaşımın sapoğunu növbə ilə geyinərdik.
" Şadalanka"," bambazı" urbaşkalarım ( köynəklərim) də olub.
Orta məktəbin doqquz və onuncu siniflərini rayon mərkəzində oxumuşam.Mənə o illər bircə dəfə kostyum alıblar.
İmkanlı sinif yoldaşımdan birinin o zamanlar dəbdə olan "balonnu"plaşını alıb,bir gün geyinib " forslanmışam."
Orta məktəbi biri "dörd", qalanları " beş " olan qiymətlərlə bitirmişəm.Mənə düşən gümüş medalı da verməyiblər.İstədikləri pulu verməyə imkanımız olmadığından adımı siyahıdan silmişdilər.
Raykomun oğlu,kolxoz sədrinin qızı...."aldılar " medalları...
.....Ali məktəbə qəbul imtahanlarında yüksək bal toplayıb , tələbə adını qazandım....
....Orta məktəbdə də,ali məktəbdə də,müəllimlərimdən yaxşı dərs almışam.İstər tələbəlik illərində ,istərsə də sonralar,işləyəndə çoxlu texniki ədəbiyyatlar alıb,oxuyub,biliyimi artırmışam.Bədii kitablar oxumadığım günlər bəlkə də barmaqla sayılası qədərdir.Azərbaycan Sovet Ensiklopediyasının on cildi,Uşaq Ensiklopediyasının iki cildliyi digər bədii,texniki kitablarla yanaşı kitab rəfimdədir....
Tələbəlik illərində stipendiya( təqaüd) də alırdım.
Gecələr mühafizədə ( oxran) də işləmişəm.Yay aylarında ,tətil vaxtı kolxozda ( sonralar sovxozda) işləyib ,əmək günləri ,təbii ki,pul qazanmışam,pul almışam.
Ailəmiz çoxuşaqlı ailə idi.Valideynlərim məndən sonra altı uşaq da " almışdılar "( gülür).
....Ali məktəbi bitirdim,şəhərdəki zavodların birinə təyinat aldım.
Azər danışığına ara verdi.
--Qardaş,bir hovur dincimi alım.Yaş yaşdı də...Yetmişdən yuxarı yaşım var- dedi.
Siqaret yandırdı ,bir- iki qüllab alıb,davam etdi:
--....İşləmişəm.İlk maaşımdan qağama palto,nənəmə tumanlıq parça almışam.
Sonrakı əmək haqlarımdan isə qardaş- bacılarıma pal- paltar almışam.
İşimdən həmişə ilham almışam .Müəssisə məni mənzillə təmin edib,yəni mənzil da almışam .Ailə qurub ,el arasında deyildiyi kimi,arvad da almışam.( gülür).
Həyat yoldaşıma o illər dəbdə olan kristalon, krempilin,qribişin parçalar da almışam,don dikdirib.
" Lama" palto da,krempilin plaş da ,xarici ayaqqabılar da almışam...
Mən dəbdə olan "çarıq" ayyaqqabı da," salamandra" da, yuqoskavsi" ayaqqabılar da,lap elə " basonuşka " da alıb geymişəm.Neylon köynəyim də olub.
"Diqlas" plaşım da," finski" kostyumum da," diplomat " paltom da ," şotlandski" şərfim də olub ."Andatra"," norka" papaqlar almışam....
Evimizə xarici mebeli də, paltaryuyan maşınl da,soyuducunu da özüm almışam .
Yoox," almışam" yox,almışıq,çünki həyat yoldaşım da işləyirdi.
İşlədiyim illər ərzində,fəxri fərmanlar da,döş- nişanları ,orden- medallar da almışam...
Sözümdə,işimdə məsuliyyətli olmuşam.Məndən aranı qarışdırmaq üçün, söz almaq istəyənlər də olub,amma bacarmayıblar.
Elələrinin dediklərini vecimə almamışam.
Ailədə də,işdə də əsəbiləşib kiminsə xətrinə dəyəndə,bir az keçib ,könlünü almışam...
Vəzifədə bir az qabağa çəkiblər...uzun illər zavodda şöbə rəisi işləmişəm .Mən vəzifəni " almamışam ",rəhbərlik təyin edib...
Dəfələrlə SSRİ- nin müxtəlif şəhərlərində ezamiyyətlərdə olanda uşaqlarıma "importnı " dəst paltarlar almışam.
Onlara o illər kompüter də almışam,"Nokiya" telefonları da,əlbəttə övladlarım ali məktəblərə qəbul olunanda...
...Oğlum da,qızım da ailə qurublar,özləri ev də alıblar,minik maşını da,avtomat paltaryuyan maşın da,bahalı kondisionerlər də,"Ayfon" da...
Nəvələrimə işlədiyim illərdə bahalı oyuncaqlar da almışam,pal- paltar da...
İndi övladlarım öz uşaqlarına özləri alırlar hər şeyi...
Biz pensiya alırıq,vicdanlı işimizin qarşılığında çox az pensiya...
İndi o pulla nəvələrə istədiyimizi ala bilmirik...
....Həyatda çoxlarından dərs almışam,amma mən əsas dərsimi qağamdan( atamdan) almışam: öz əməyinin barını yemək dərsini,xeyirxah olmaq dərsini,gözəl insan olmaq dərsini ,Vətənini sevmək dərsini ....ən gözəl dərsləri...
...Azər danışdıqca ,öz həyatım gözlərim önündən keçirdi...
Bu bir insanın ,təqaüddə ( pensiyada) olan bir zəhmətkeş insanın söylədikləridir.
Zənnimcə bu yazdıqlarımı çoxlarının yaşadıqlarıdır...
Bu zaman Azər kişinin də,mənim də telefonuna SMS gəldi.
Pensiyalar bankomata vurulmuşdu.
Azər kişi ilə getdik pensiyamızı almağa...