Aləmzər Sadıqqızı : - Çəkiləsi deyil çəkim bu dərdi...

Çəkisi ağırdı, yükü ağırdı...
Daşıya bilmirəm, daha bu dərdi.
Elə yorulmuşam, elə bitmişəm...
Daşıya bilmirəm, daha bu dərdi!
Nə səbrim qalıbdı, nə də dözümüm,
Haçandır yuxusu qaçıb gözümün,
İllərdir ağlayır gözü sözümün...
Daşıya bilmirəm, daha bu dərdi!
Çəkiləsi deyil, bu dərdi çəkim...
Daha yerdə yoxdu, bu dərdi əkim!
Başıma haranın daşını töküm?
Daşıya bilmirəm, daha bu dərdi!!!
Hələ axıb gedir Araz yarası...
Orda qan ağlayır VƏTƏN parası!
Elə dolaşıbdı könlüm çarəsi...
Daşıya bilmirəm, daha bu dərdi!
Bir yanım həsrətdi, bir yanım hüsran,
Boğulur içimdə bir dəli üsyan.
Yoxmu bir anlayan, yoxmu bir duyan?
Daşıya bilmərəm, daha bu dərdi!!!
Qarabağ qalıbdı gümana indi...
Gör necə düşmüşəm dumana indi...
Yaxşılar möhtacdı yamana indi...
Daşıya bilmirəm, daha bu dərdi !!!
Qarabağ düşübdü qara bağrıma...
Hələ köz basıram, hələ ağrıma!
Səbrimlə dönmüşəm Ağrı dağına!!!
Daşıya bilmirəm, daha bu dərdi!
9.4.2016.