Əlizadə Nuri : - Küçədən nəğmə keçir...

Ədəbiyyat 17:25 / 22.08.2025 Baxış sayı: 2794

 

Təzə hava çalınır,

Qəmin köhnə sazında.

Yad dildə danışırıq

Doğmaların yasında.

 

Qocalıram deyəsən,

Söz içimdə paslanır.

Bir şimal şəhəriyəm-

Günəş mənə nazlanır...

 

Qıfılbəndmiş göy üzü-

Verən yoxdu açarı.

Küçədən nəğmə keçir

Çağır gəlsin içəri.

 

...Yıxılıram, ilahi,

Bir kimsə yox tutmağa.

Neçə eşq həsr etmişəm

İlk eşqi unutmağa...

 

Bəlkə yaşamamışam,

Amma ömür sürmüşəm.

Bir dilənçi ovcuna

Yüz dəfə hönkürmüşəm.

 

Çoxmuş üzü olmayıb,

Özgə üzə duranlar.

Quşu gözündən deyil

Göz yaşından vuranlar.

 

...Qucaqlamaq öyrədin,

Bu kəsilmiş qollara.

Yolu düz çəkmədiniz-

Düşdük əyri yollara...